Modern.az saytı "Bir kəndin məşhurları” rubrikasında növbəti yazını təqdim edir. Adından da göründüyü kimi, bu rubrikada eyni kənddən (yaxud qəsəbədən) olan tanınmış ziyalılar, elm, mədəniyyət, ədəbiyyat, idman adamları, eləcə də ictimai-siyasi sferaya mənsub olan şəxsləri sizlərə təqdim edilir.
Bu dəfə dünən işğalının 22-ci ili tamam olan Ağdamın məşhur Abdal-Gülablı kəndi və onun yetirmələri haqda söhbət açacağıq.
Abdal-Gülablı kəndinin tarixi - XIX əsrdə burada iki Abdal kəndi mövcud olduğuna görə bir-birindən fərqləndirmək üçün bu kənd Abdal-Gülablı, yəni, Gülablı yaxınlığında Abdal kəndi adlanırdı. Qədim adı "Abdal bulağı”dır. Kəndin ərazisində Xanım bulağı, Damcı bulaq, Bəy bulağı və başqa bulaqlar var.
Azərbaycanda, İranda yaxın keçmişə kimi Abdal, Abdallar kəndləri olub. Mənşəcə eyni olan kəndlərin əhalisi erkən orta əsrlərdə Cənubi Qafqazda yaşamış türk mənşəli Abdal tayfasının davamçılarıdır. Orta əsrlərdə Qarabağda üç Abdal yurdu vardı.
Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunub.
Abdal-Gülablının məşhur yetirmələri
Bu barədə Modern.az saytına danışan, araşdırmaçı – publisist, Ağdamın tarixinə dair bir çox tədqiqatlara imza atmış Vüqar Tofiqli bildirir ki, Abdal-Gülablını Ağdamın digər kəndlərindən fərqləndirən əsas cəhət budur ki, onun məşhur yetirmələri daha çoxdur. Özü də konkret bir istiqamətdə yox, ayrı-ayrı sahələrdə. Amma söz Abdal-Gülablıdan düşmüşkən iki məsələni vurğulamağı lazım bilir: birincisi buranın havası. Deyilənlərə görə, Abdal-Gülablının bol oksigenli təmiz dağ havası elə oranın pasportu olub.
İkinci məsələ də budur ki, bu kənd Qarabağın başqa kəndlərindən fərqli olaraq muğama yox, daha çox aşıq musiqisinə meyl edib. Aşıq Xaspolad Gülablı və Aşıq Valeh kimi respublikada məşhur aşıqlar bu kəndin yetirmələridirlər:
"Abdal və Gülablı Ağdamda vahid bir ərazi kimi sayılırdı. Ayrı-ayrılıqda da hamı bilirdi ki Abdal haradı, Gülablı haradı. Bizdə, Ağdamda belə məqamlar çox olub. Bu iki kəndin sovetliyi də bir idi. 1980-ci illərdə rəsmən birləşdirlər. Ağdamın hazırda 70 faizdən çox ərazisi işğal altındadır. İşğal altında olan kəndlərin demək olar ki, hamısı dağlıq və dağətəyi kəndlər idi. O kəndlərin hər birinin ölkə üçün vacib yetirmələri var. Amma Abdal-Gülablı bu mənada da qonşu kəndlərdən seçilir. Yəni, onun yetirmələri, məşhur şəxsləri daha çoxdur. Abdal-Gülablı əsasən iki məqama görə seçilib: Biri onun havası idi. Elə buna görə də Sadıq Murtuzayevin (bir zamanlar Ağdamda "raykom” katibi olub) vaxtında Abdal-Gülablıda respublikada məşhur olan böyük sanatoriya tikdilər. Ondan əvvəl isə pioner düşərgəsi salınmışdı. Bütün bunlar o səbəbdən idi ki, buranın tam fərqli havası var idi. Elmlər Akademiyasının bir qrup alimi araşdırıb belə nəticəyə gəlib ki, Abdal-Gülablıdakı insanların orta yaş həddi Ağdamın başqa kəndlərindən, eləcə də respublikanın bir çox yerlərindəki orta yaş həddini 12 yaş qabaqlayırdı”.
Vüqar Tofiqli Abdal-Gülablının tanınmış simaları haqqında məlumat verib: "Mədəniyyət sahəsində tarzən Qurban Pirimov. Kənd işğal olunmazdan az əvvəl onun yaşadığı evi xatirə muzeyi etdilər. Sonra Şamil Mirzeyev. Ali Məhkəmənin sədri olub. Ümumiyyətlə, Abdal-Gülablıdakı Mirzəyevlər nəsli çox tanınmış nəsil olub. Məsələn, dövrün tanınmış maarifçisi və xeyriyyəçisi Camal Mustafayev. Onu bütün Qarabağda tanıyırmışlar. Vaxtikən Mircəfər Bağırovu da o, evində saxlayıb, müalicə etdirib və Bakıya yola salıb. Bu işdə Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımın da ona böyük köməyi olub. Onun qızı, fəlsəfə elmlər doktoru, filosof Şükufə Mirzəyeva Elmlər Akademiyasının adlı-sanlı alimlərindən olub. Abdal-Gülablının alim yetirmələrindəndir.
Qarabağın hərbi ənələrini hər zaman yüksək şərəflə daşıyan general-mayor Murtuz Quliyev də Abdal-Gülablıdan olub. Daha sonra hazırda fəaliyyət göstərən, Azərbaycan Milli Ordusunun korpus komandiri general-leytenant Rövşən Əkbərov da əslən o kənddəndir”.
Abdal-Gülablının başqa məşhur yetirmələri
Kəndin başqa məşhur şəxslərinə diqqət edək:
Ceyhun Mirzəyev: Azərbaycan kinosunun ən məşhur xadimlərindən olan Ceyhun Mirzeyev Abdal-Gülablıdandır. 1946-cı ilin aprelində o kənddə anadan olub.
Ceyhunun atası, Məhəmməd Əmin Rəsulzadənin qurduğu ADR-in gənc milis işçisi olan Cəmil Mirzəyev də yuxarıda adı çəkilən Mirzəyevlər nəslinin məşhur yetirmələrindəndir.
SSRİ xalq artisti Sara Qədimova 1922-ci ildə Bakıda anadan olsa da, ata-anası Ağdamın Abdal-Gülablı kəndindəndir. Mərhum xanəndə hər zaman özünü qarabağlı kimi təqdim edib.
Səxavət Məmmədov: Faciəli şəkildə dünyasını dəyişən mərhum xanəndə haqqında uzun-uzadı danışmağa dəyməz. O, 1953-cü ilin oktyabrında bu kənddə anadan olub. Faciəli məqamlardan biri budur ki, onu doğma kəndlərində dəfn etdilər. Lakin məzarı üçün məzar daşlarını Bakıdan Abdal-Gülablıya yollayan zaman kənd artıq işğal edilmişdi.
Mərhumun kiçik qardaşı Firuz Səxavət də 1972-ci ildə bu kənddə anadan olub. Mərhumun oğlu Bəxtiyar Məmmədovu da uşaq proqramlarının məşhur aparıcısı olduğu üçün bu kəndin tanınmış yetirməsi saymaq olar.
Rafiq Hüseynov: Hamının Rəmiş kimi tanıdığı gitara ifaçısı 1944-cü ildə Abdal-Gülablıda anadan olub.
Qulu Ağsəs: tanınmış şair, "Ulduz” jurnalının baş redaktoru bu gün doğma kəndi olan Abdal-Gülablının ən yaxşı təmsilçilərindəndir.
Məcid Şamxalov: Dramaturq, Azərbaycanın əməkdar artisti Məcid Şamxalov da Abdal-Gülablı kəndinin yetirməsidir. AYB-in üzvü olmaqla bərabər, bir neçə filmdə də çəkilib. Məşhur "Qaynana” filminin müəllifi odur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !