Qasçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan prezidentinin salamlarını baş katibə çatdıran Əli Həsənov konfransa dəvətə görə təşəkkürünü bildirib.
Ə.Həsənov deyib ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalan və 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan Suriya qaçqınlarının vəziyyətini yaxşı başa düşür və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbərinin də konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində olması buna sübutdur. AIDA vasitəsilə Azərbaycan hökuməti həm Suriya qaçqınlarına, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına öz yardımını davam etdirəcək.
Dağlıq Qarabağ münaqişəsi haqqında BMT-nin baş katibinə ətraflı məlumat verən Ə.Həsənov münaqişəni sülh yolu ilə həll etməyə çalışan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini nəzərə çatdırıb: "Ermənistan isə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğaldan azad edilməsi haqqında qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur". Ə.Həsənov Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlardan da danışıb. Sonda Ə. Həsənov Pan Gi Munu Azərbaycana səfərə dəvət edib.
Dəvətə görə təşəkkürünü bildirən BMT-nin baş katibi Azərbaycana gələn il səfər edə biləcəyini söyləyib. Eyni zamanda may ayında Bakıda keçiriləcək beynəlxalq tədbirə xüsusi nümayəndəsini göndərəcəyini açıqlayıb. Pan Gi Mun bir neçə dəfə Azərbaycan prezident İlham Əliyev ilə görüşdüyünü, onun fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib. BMT baş katibi Azərbaycanın əhəmiyyətli coğrafi məkanda yerləşdiyini və onun rəhbərlik etdiyi təşkilatın rəsmi Bakı ilə əməkdaşlığını davam etdirəcəyini vurğulayıb.
Görüşdə Azərbaycanın BMT ilə əlaqələrinin genişləndirilməsi məsələləri də müzakirə edilib.
ANN.Az
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !