Bəzi gömrük rüsumlarının, xüsusilə 10.000 manatadək olan mallara şamil edilməməsi sahibkarlarla yanaşı şəxsi tələbat üçün alınan malların gətirilməsinə də müsbət mənada yaxşı təsir edəcək” - bunu ANN.Az-a açıqlamasında millət vəkili, iqtisadçı Əli Məsimli deyib.
Prezident İlham Əliyev gömrük qaydalarının sadələşdirilməsi ilə bağlı fərman imzalayıb. Bundan sonra hər bir Azərbaycan vətəndaşı (aksiz vergisinə cəlb olunan maşın, tütün, alkoqol istisna olmaqla) 10 000 dollar dəyərində malları heç bir gömrük ödənişi ödəmədən gömrük sərhədindən keçirə bilər.
Bu fərmanın imzalanması sahibkarlara nə vəd edir? Bu fərmanın icrası ölkəyə gətirilən malların qiymətinə necə təsir edəcək? Gömrük qaydalarının sadələşdirilməsi sahibkarlarla yanaşı başqa kimlərə müsbət təsir göstərəcək?
Deputat Əli Məsimli hesab edir ki, sahibkarlar gömrük rüsumlarının ləğv edilməsindən sonra bu malların gətirilməsinə sistemli şəkildə yanaşsalar, təbii olaraq bu özünü satılan malların qiymətlərində də göstərəcək: "Yəni bundan sonra sahibkarlar xaricdən gətirdikləri mallara görə hər hansı rüsum ödəməyəcəklər. Bu da eyni zamanda ölkəyə gətirilən malların buradakı satış zamanı qiymət amilinə öz təsirini göstərəcək”.
Ə.Məsimli istisna olan digər malların (aksiz vergisinə cəlb olunan maşın, tütün, alkoqol istisna olmaqla) vergidən nə zaman azad olunacağı məsələsinə də münasibət bildirib. O, ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin son 9 ayın nəticələrinə həsr olunmuş iclasda nazirliklərə və baş idarələrə öz tapşırıqlarını verdiyini xatırladıb.
Deputat qeyd edib ki, ölkə başçısının bu fərmanı ölkədə kişik və orta sahibkarlığın daha da inkişaf etməsinə yardımçı olacaq və ölkə rəhbərliyinin sahibkarlığa diqqətinin nümunəsidir.
İqtisadçı-alim Qubad İbadoğlu dünən prezident İlham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında imzaladığı fərmanı şərh edərkən "Yeni fərmanla gömrüyə bəyan ediləcək məbləğin əvvəlki ilə müqayisədə 6,6 dəfədən çox müəyyənləşdirilməsi sərhəd buraxılış məntəqələrində "yaşıl kanal"dan istifadə edən vətəndaşların sayını və rahatlığını artırmaqla yanaşı, həm də indiyə qədər mövcud olan rüşvət sistemini zəiflədəcək” - deyib.
AzNews.az-a açıqlamasında iqtisadçı-alim bildirib ki, imzalanan yeni fərman gömrükdə fiziki şəxslərə "yaşıl işıq" yandıracaq: "Prezidentin imzaladığı fərmana görə, ölkəmizin gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçiriləcək. Bu fərmana qədər ölkəyə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ödənişindən azad idi. Mövcud qaydalar dəyişəndən sonra vətəndaşı müşayiət edən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə məbləğ 500 ABŞ dollarından 2000 ABŞ dollarına qədər artırılacaq. Amma onu da nəzərə almaq lazımdır ki, bu qaydalar aksizli mallara, avtonəqliyyat vasitələrinə və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalara şamil olunmur.
Bu fərmanla gömrüyə bəyan ediləcək məbləğin əvvəlki ilə müqayisədə 6,6 dəfədən çox müəyyənləşdirilməsi sərhəd buraxılış məntəqələrində "yaşıl kanal"dan istifadə edən vətəndaşların sayını və rahatlığını artırmaqla yanaşı həm də indiyə qədər mövcud olan rüşvət sistemini zəiflədəcək”.
Qubad İbadoğlu qeyd edib ki, bu fərman həmçinin fiziki şəxslərin xarici ticarət, xüsusilə də idxal əməliyyatlarında iştirakına stimul verəcək: "Hesab edirəm ki, fərman orta və uzunmüddətli dövrdə istehlak bazarında idxal mallarının qiymətlərinin sabitləşməsinə də müsbət təsir göstərəcək. Odur ki, yeni fərmanı təqdir edir və bu istiqamətdə mütərəqqi dəyişikliklərin hüquqi şəxslərlə bağlı gömrük-idxal əməliyyatlarına da şamil olunmasını arzulayıram”.
Qeyd edək ki, dünən ölkə rəhbəri İlham Əliyev gömrük qaydalarının sadələşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, gömrük-buraxılış məntəqələrində gömrük-keçid qaydalarının sadələşdirilməsinə qərar verilib:
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.
Fərmanda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırıq verilib ki, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 396 nömrəli Fərmanının 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq, gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısının dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirildiyinə dair məlumatı bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !