Artıq məlumdur ki, olmayan "dövlətin ittihamçısı” Dilqəmə nə az, nə çox - ömürlük, Şahbaza isə 22 il həbs cəzası tələb edib. Buna kimi isə guya soydaşlarımızla ilgili bütün hüquqi prosedurlar həyata keçirilib, onlar hətta "vəkillə” də təmin olunublar.
Belə bir məhkəmə məzhəkəsi əlbəttə ki, ən əvvəl separatçı rejimi dünyaya beynəlxalq hüququn müstəqil subyekti kimi, "baş tutmuş sivil dövlət” qurumu olaraq təqdim etmək cəhdlərinin tərkib hissəsidir. Təəssüf ki, Rusiyanın ilhaq elədiyi Krıma qarşı bütün dolağı ilə sanksiyaları işə salan, Krımdakı yerli idarə və icra strukturlarını, o sırada hüquq-mühafizə orqanlarını qeyri-legitim elan edib onun rəhbərlərinin Qərb ölkələrinə girişini yasaqlayan ABŞ və Avropa Xankəndində neçə aydır davam edən saxta prosesə biganəlik göstərdilər. Bununla da faktiki surətdə iki günahsız mülki şəxsin terror yolu ilə oğurlanıb "mühakimə” olunmasına seyrçi mövqe sərgiləmiş oldular.
Amma nə qədər qəribə də olsa, prosesə etiraz Rusiyadan gəldi. Rusiya xarici işlər naziri Sergey Lavrov "girovlar ya azad edilməli, ya da mübadilə olunmalıdır” söyləməklə əslində azərbaycanlı mülki girovların günahsız olduğunu təsbit elədi. Paralel surətdə "məhkəmə prosesi”nin legitimliyini Rusiya adından şübhə altına alınmış oldu.
Məsələnin ən intriqalı özəlliyi də elə odur - Rusiyanın Xankəndindəki prosesi etibarsız, qeyri-legitim sayması. Bunun ardınca İrəvanın hansı qərar çıxaracağı çox maraqlıdır - ermənilər strateji müttəfiqin sözünü yerə salacaq, yoxsa humanizm göstərərək günahsız insanları azad edəcək?
Hələlik suala birmənalı cavab vermək, nikbin nəsə söyləmək çətindir. Həm də o səbəbə ki, noyabrın 12-də Ağdamda erməni hərbi vertolyotunun vurulmasından sonra erməni tərəfi növbəti dəfə siyasi-diplomatik fiaskoya uğrayaraq rüsvay olmaq istəmir, əksinə, təbliğati revanş götürməyə çalışır. Bu, məsələnin birinci və prinsipial cəhəti.
Aparılan "məhkəmə” təhqiqatından diqqəti çəkən ikinci mühüm detal budur ki, erməni tərəfi bu yolla həm də Ramil Səfərovun bir neçə il öncə Macarıstandan alınaraq azadlığa buraxılmasına görə Azərbaycandan özünəməxsus şəkildə qisas almağı hədəf seçib.
Yeri gəlmişkən, Xankəndidə kəlbəcərli girovlar üzərində qondarma proses məhz Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu - Paris görüşü günü, oktyabrın 27-də start götürüb. O zaman tarix təsadüfi seçilmədiyi, nizamlama prosesinə zərbə vurmaq, görüşün effektini azaltmaq məqsədi güdürdüsə, "məhkəmə”nin yekun qərarı onsuz da dalana dirənmiş sülh prosesinə növbəti zərbə ola bilər. (musavat.com)
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !