Bu gün Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramıdır.
Anews.az-ın məlumatına görə, 1880-ci ildə Bakı–Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub.
Prezident İlham Əliyevin 2005-ci 7 oktyabr tarixli sərancamı ilə Azərbaycan dəmir yolunun yarandığı gün – 13 oktyabr "Dəmir yolu işçilərinin peşə bayramı günü” elan olunub. Həmin tarixi dövrdən başlayaraq 137 il ərzində Azərbaycan dəmir yolu inkişaf edib, təkmilləşib və hazırda həyata keçirilən bir sıra beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin iştirakçısına çevrilib.
Ölkə nəqliyyat sektorunun tərkib hissəsi olan Azərbaycan Dəmir Yolu bir çox beynəlxalq təşkilatların həqiqi üzvünə çevrilib. Belə ki, 1992-ci ildən MDB və Baltikyanı dövlətlərin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü olmaqla bu qurumların işində aktiv iştirak etməyə başlayıb. 1997-ci ildən başlayaraq Bakıda dəmiryolçuların bir çox beynəlxalq forumları: MDB və Baltikyanı Dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının yığıncağı, Tarif Konfransı, DYƏT-in Nazirlər Müşavirəsinin Sessiyası, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dəmir yolu rəhbərlərinin müşavirəsi və başqa tədbirlər keçirilib.
Prezident İlham Əliyevin 2009-cu il 20 iyul tarixli Sərəncamı ilə yaradılan "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti isə ölkəmizdə dəmir yolunun inkişafını təmin edən əsas qurumdur.
Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə böyük diqqət yetirilir. Belə ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşası artıq yekunlaşıb. Bu layihə tariflərin aşağı düşməsinə, sərf edilən vaxtın azalmasına şərait yaradacaq. Layihənin Gürcüstan və Türkiyə seqmentində işlər başa çatıb. Yol artıq tam hazırdır, bütün sınaqlar həyata keçirilib. Bu ayın sonunda dəmir yolunun istismara verilməsi nəzərdə tutulub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !