Azərbaycanda 2020-ci il 10 noyabr tarixindən bu günə qədər 50 mülki şəxs mina partlayışı nəticəsində ölüb, 105 mülki şəxs isə yaralanıb. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.
O bildirib ki, bu dövr ərzində 15 hərbçi mina partlaması nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb.
"Ümumilikdə götürdükdə yuxarıda qeyd edilən dövr ərzində 65 nəfər mina partlaması nəticəsində həlak olub, 269 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 1991-ci ildən indiyə kimi Azərbaycanın 3413 nəfər mina qurbanı olub. Onlardan 357 nəfər uşaq və yeniyetmə, 38 nəfər isə qadındır",- Hikmət Hacıyev bildirib.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !