Qüsursuz insan yoxdur – kimində fiziki, kimində mənəvi. Ən ağırı da qarşıdakının mənəvi baxımdan qüsurlu olmasıdır. Fiziki qüsur isə həmin şəxsin sadəcə şəxsi çətinliyi ola bilər, onun şəxsiyyət kimi formalaşmasında fiziki qüsur heç bir əngəl ola bilməz. Ən ağır məsələlərdən biri də cəmiyyətin qüsurlu olmasıdır. Onun gözü tərəzidir, amma vay o cəmiyyətin halına ki, mənəvi və fiziki əngəlliləri bir-birindən ayıra, onlara lazım olan dəyəri verə bilmir.
Qapısını döydüyümüz müsahibimiz həyata daima pozitivlik gözüylə baxan, daima şikayət etməyi yox, şükür etməyi bacaran Elçin Cəlilidir. ANN.Az xəbər portalının əməkdaşı həyat dolu, özünün dediyi kimi qürurlu, adi, amma çoxlarından qeyri-adi fikirləri ilə fərqlənən Elçin Cəlili ilə görüşüb. Həmin müsahibəni oxuculara təqdim edirik:
Xəstəliyimə ölkədə çarə tapılmadı…
7 yaşım olanda mənə bu xəstəliyin diaqnozu qoyuldu. "Oqroostilizim” adlanan bu xəstəliyin müalicəsinə ölkəmizdə çarə tapa bilmədilər. Xəstəliyim də günü-gündən daha da sürətlənməyə başladı. Nəhayət, bir gün qohumlardan birinin tanışı olan həkim bizə gəldi və vəziyyətimlə maraqlandı. Sonra dedi ki, bu xəstəliyin müalicə üçün Rusiyaya getməlisiniz. Bu səbəbdən də ailəm tam müalicə olunmağım üçün məni Rusiyaya apardı. Moskvadakı həkimlər də eyni diaqnozu qoydu – "Oqroostilizim”. Onlarin sözlərinə görə, bu xəstəliyə daha çox Orta Asiyada rast gəlinir. Xəstəliyin yaranma səbəbi isə gendən, nəsildən keçmə olması ilə əlaqələndirilir. Mütəxəssislərin sözlərinə görə, təqribən 4-5 nəsildən bir hansısa nümayəndədə üzə çıxır. 1986-ci ildən Moskvadakı uşaq xəstəxanasında müalicə almağa başladım, orada əməliyyat olundum. 1989-ci ilə qədər Rusiyada müalicəmi davam etdirdim.
Ayaq topuğum yerində olmadığı üçün onun üzərində dayana bilmirdim və yara əmələ gəlmişdi. Yaradan qanaxma baş verdi. Həkim ayağımın üçdə bir hissəsinin amputasiya edilməsini məsləhət gördü. Elə də oldu. Əməliyyat zamanı qorxudan, stressdən ürəyim dayanıbmış. Ayağım üçün orada protez düzəltdilər, amma mən onu qəbul etmədim. Həmin il - 1989-cu ildə Bakıya qayıtdım. Bakıya qayıtdıqdan sonra ayağıma protez düzəltdim. 19 yaşıma qədər onunla gəzdim. Daha sonra sol ayağımda da problemlər yaranmağa başladı. Hazırda 38 yaşım var, artıq 19 ildir əlil arabası ilə gəzirəm.
Həyat davam edir...
Çoxları adi həyatın ən adi sınağını elə böyüdür, dəfedilməz problemə çevirir ki... Həmin insanlara məsləhətim odur ki, şikayət etməsinlər, şükür eləsinlər. Mənim üçün isə həyatda qalmaq, bu ömrü yaşamaq tamimilə ayrı bir hissdir. Həyatda yaşamaqdan, parka getməkdən, dostlarla söhbət etməkdən zövq alıram. Digər qüsuru olan şəxslərdən fərqli olaraq mən özümə heç nəyi kompleks etmirəm. Yəni elə qüsurlu insanlar var ki, insan toplumu olan yerlərə getməkdən qaçırlar. Amma mən şəhərə də çıxıram, kinoya da baxmağa gedirəm. Qarşıma belə bir məqsəd qoymuram ki, filan yerə gedə bilmərəm. Buna görə həmişə bildirirəm ki, yaşamaq lazımdır, çünki həyat davam edir.
Belə dostlar həmişə var olsun...
Dost-tanış o qədər çoxdur ki, hansından danışım bilmirəm. Həqiqətən, çox sağ olsunlar, var olsunlar, məni tək qoymurlar. Ən yaxın 3 dostum var: Fuad, Emin, Elnur. Bunların birinə həyətə düşmək, harasa getmək istədiyimi zəng edib deyirəm. Zəng elədiyimin dostumun işi oldu-olmadı, həmin dəqiqə gəlib aparırlar. Ya da özləri gəlir ki, bəsdir evdə oturdun, getdik. (gülür)
Ən pis olduğum gün...
Hər kəsin həyatda yaxşı günləri də var, yaman günləri də. Mənim ən çox pis olduğum gün atamı itirdiyim gün idi. Atam 2007-ci ildə işlədiyi yerdə yıxılaraq dünyasını dəyişdi. Bundan sonra demək olar ki, bütün dünya mənim üçün daha fərqli oldu. Atanın yeri oğul övlad üçün daha başqadır, daha əzizdir. Amma nə edək, həyat bu sınağı ilə də bizi yoxladı.
Hədiyyələrim də çox olur...
Sağ olsunlar, həyatda hələ də yaxşı insanlar var. İşlətdiyim kompüter, sürdüyüm əlil arabası mənə bəxş olunan çox dəyərli hədiyyələrdir. Qeyd edim ki, bu hədiyyələr mənə tanımadığım adamlar tərəfindən verilib. Bundan başqa əlavə yardım edənlər də var. Hətta əl işlərimi hazırlayıb verdiyim şirkət bizim ailəyə aylıq yardım da edir.
Qürur...
Mənim çox işlərdə aqressiv olmağımın, hər şeyə çox tez qarışmağımın, münasibət bildirməyimin əsas səbəbi çox qürurlu olmağımdır. Bir insan ki mənə diqqətlə baxırsa, o dəqiqə həmin şəxsə acıqlanıram - "nə var, nəsə olub?”. Qürurum imkan verməz ki, kiməsə "filan şeyə ehtiyacım var, onu mənə tapıb gətirin” deyim. Sağ olsun dostlar, qardaşlar daima yanımdadılar. Məni tanıyan bütün adamlardan soruşsanız bu sözü deyəcəklər ki, o qüruru, əqidəsi qarşısında əyilən insan deyil. Xoşlamıram ki, dostlarla bir yerdə oturanda daima onlar hesabı versin. Bir dəfə də mən vermək istəyirəm. Elə o cür də edirəm, dostlar da bir söz demirlər...
İlk məhəbbətim...
"Uşaqlıq məhəbbəti, ilk məhəbbət” – bilirsiniz, həqiqətdir bu sözlər. Həqiqi sevgi bilirsiniz nə vaxt olur, birinci dəfə sevəndə. Onda ürəkdən, təmənnasız, qüsursuz sevirsən. (gülür) Mənim də ilk məhəbbətim hələ orta məktəbdə oxuduğum vaxtlarda olub. Düzdü, münasibətim çox ciddi olub həmin qıza qarşı, amma onun bir səhvi bütün hər şeyi alt-üst etdi. Və onunla hər şey beləcə bitirdim. Hazırda ciddi bir xanımla ailə qurmaq istəyərəm. Nə deyim vallah, qismətdirsə o da olacaq.
Əvvəllər əl işləri hazılayırdım, sonradan həvəsdən saldılar...
Yaradıcılığa həvəsim hələ Moskvada olduğum vaxtdan yaranıb. Orda olanda bir xanım hazırlayırdı bu fiqurları, həm də onun əlinə baxıb öyrəndim. Sonradan evdə özüm bu fiqurları hazırlayıb sərgiyə apardım ki, pul qazanım. İlk dəfə bp-nin təşkil etdiyi sərgidə əl işlərim satıldı. Bundan sonra həvəsim artdı. Daha sonra bu fiqurları başqa sərgilərə apardım, amma bu zəhmətimi dəyərləndirmədilər. Gah pulumu vermədilər, gah fiqurların yarısı satıldı, gah da yarısını gətirib mənə vermədilər. Bundan sonra da bu işlərə həvəsim çox azaldı. Ümumiyyətlə, heç düzəltmədim. Qardaşımda bu fiqurlardan düzəldirdi, ona bəzi ideyaları mən verirdim.
Maraqlandığım idman
Ən bəyəndiyim idman futboldur. Bəlkədə mən belə olmasıydım futbolçu olardım. Məhz futbola olan marağım məni daha da canlandırır. Ən çox azarkeşlik etdiyim komanda "Barsenola”dır. Bu komandanın oyunu olanda qardaşımla birgə baxırıq. Bizim hay-küyümüzü görən anam da bizə qoşulur. Çünki o qədər bu komandanın oyunçularından danışrıq ki, anam da buna öyrəşib, onları da ailədən sayır. Bizim komandalarda ən çox "Neftçi”yə azakeşlik edirəm. Amma "Barselona” sevgisi tamam başqadır.
Ən çox şikayətim...
Şikayətim ondan ibarətdir ki, binamızda lift daima işləmir. Hesab edirəm ki, bir texnika insanların rifahı, çətin durumunu rahatlamaq üşün icad olunubsa, o, hər zaman işləməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, bizim mənzil 7-ci mərtəbədə yerləşir və mən də 1-ci qrup əliləm. Hər dəfə aşağı düşüb çıxmaq çox çətin olur. Hər dəfə binada lift pulu yığılanda biz hamıdan əvvəl veririk. Amma o pulu verməyənlər hesabına bizim də liftimiz işləmir. Ümid edirəm ki, aidiyyatı orqanlar bu problemimizi daha tez həll edəcəklər. Digər məsələ isə parklarda, şəhərlərdə keçidlərdə olan paduslarla bağlıdır. Bu panduslar bir gecə içində tikilib ki, yəqin ona görə belədir. Heç bir əlil, arabası ilə olan panduslardan düşməyə ürək etməz. Çünki həmin panduslar çox sərt şəkildə düzəldilib.
Söhbətləşdi: Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !