"İqtisadi baxımdan əlaqələrin birdəfəlik kəsilməsi nə Azərbaycana lazımdır, nə də Avropaya” - iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli ANN.Az açıqlamasında Azərbaycan dövlətinə qarşı tətbiq edilən bütün qətnamələrin, sanksiyaların əleyhinə olduqlarını və buna qarşı çox ciddi təbliğat apardıqlarını söyləyib: "Hazırda isə söhbət fərdi sanksiyalardan gedir. Hər hansı hüquq pozuntularına yol vermiş şəxslərə qarşı tətbiq olunacaq fərdi sanksiyalardan. Son zamanlar bu iki məsələni mətbuat çox ciddi şəkildə qarışdırır. Amma bu çox önəmli və vacib bir ayrıntıdır”.
"Qətnamənin qəbul olmasından sonra Azərbaycanla Avropa arasında olan iqtisadi əlaqələrə hər hansı təsir olacaqmı?” - sualını cavablandıran ekspert qərblə ölkəmiz arasındakı iplərin tamamilə kəsiləcəyinə inanmadığını deyib: "Təbii ki, Azərbaycan Respublikasının və Milli Məclisinin bu qətnamə ilə bağlı reaksiyası olmalı idi və dünən biz bunun şahidi olduq. Ancaq əməli işlərə keçdikdə görürük ki, Azərbaycan iqtisadiyyatının çox böyük hissəsi Avropa Birliyi ölkələri ilə ciddi şəkildə bağlıdır. Azərbaycanın xarici ticarət dövriyyəsində olan ilk 5 yerdən 3-ü Avropa Birliyi dövlətləridir. Azərbaycan xarici ticarətinin, idxal-ixrac dövriyyəsinin böyük bir hissəsi Avropa Birliyi olan ölkərin payına düşür. Azərbaycanın ən böyük neft alıcıları da məhz Avropa dövlətləridir. Həm İtaliya, həm Almaniya, həm Fransa, həm də İsrail (İsrail Avropa Birliyinə daxil olmasa da, hüquqi olaraq Avropa məkanına aiddir) bu ölkələrlə hər hansıciddi gərginlik Azərbaycan iqtisadiyyatına çox ciddi fəlakətlər gətirə bilər. Azərbaycan höküməti də bunu çox yaxşı bilir”.
Ekspert əlavə edib ki, Azərbaycanla Avropa arasında olan münasibətlərin sıfıra bərabər olması hər iki tərəf üçün arzuolunan hal deyil: "Buna görə də siyasi ritorik çıxışlardan əlavə real iqtisadi addımlara və əlaqələrə baxmaq kifayətdir. Görünən odur ki, Azərbaycan üçün də Avropa ilə əlaqə çox vacibdir. Çünki Azərbaycan iqtisadiyyatının onurğası, bel sütunu neft-qaz sektorudur. Neft-qaz sektoru da Avropa ilə, qərb şirkətləri ilə inteqrasiya olunmuş şəkildə qurulub. Azərbaycanın bütün böyük kontraktlarının ən böyük rəhbərləri Avropa şirkətləridir. Bu günə kimi bağlanmış iki ən böyük konkrat var: 1994-cü ildə bağlanmış "Əsrin Müqaviləsi” və bu müqavilədə qərb dövlətlərinin payı daha yüksəkdir. Bu gündə həmin kompaniyanın operatoru Böyük Britaniyanın "bp” şirkətidir. Və bu da Azərbaycan iqtisadiyyatına böyük töhfə verir. İkinci böyük konkrat isə "Şahdəniz -2” layihəsidir. Bu layihədə də Azərbaycan 20 faizlik payla iştirak edir. Qalan payların böyük əksəriyyəti qərb dövlətlərinin, şirkətlərinin payına düşür. Azərbaycanın 2020-ci ildən sonra Avropa qaz bazarına çıxmağı düşünür. "Tanap” və "TAP" kimi layihələrini həyata keçirir. Bu layihələrdə Azərbaycan Avropa ilə iqtisadi baxımdan sıx şəkildə bir-birinə bağlıdır. Yəni Azərbaycanın iqtisadi münasibətlərinin, enerji sektorunda olan münasibətlərinin hədəfi, istiqaməti qərb dövlətləridir. Bu səbəbdən düşünmürəm ki, siyasi ritorikadan, sözlərdən sonra iqtisadi baxımdan qərbə qarşı hər hansı ciddi addımlar atılsın”.
Qeyd edək ki, sentyabrın 10-da Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Sənəddə "Bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarını dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamların ləğv olunmasına", eləcə də prezident İlham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamları ilə bağlı hərtərəfli araşdırma aparmağa çağırır.
Sənəd həmçinin Avropa Komisiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.
Dünən Azərbaycan Milli Məclisindən növbədənkənar iclas keçirildi və deputatlar bu qətnamə ilə bağlı müzakirələr apardılar və Avropa Parlamentinin 10 sentyabr qətnaməsi ilə bağlı qərar qəbul edib. Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində iştiraka son qoyulması barədə də qərar qəbul edilib.
Azərbaycan Nazirlər Kabinetinə isə Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirakın məqsədəuyğunluğu məsələsinə yenidən baxmaq tövsiyyə olunub.
Həmçinin Nazirlər Kabinetinə tövsiyə edilib ki, "Azərbaycanın rəsmi şəxsləri barəsində hər hansı sanksiyaların tətbiq ediləcəyi təqdirdə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən Avropa Parlamenti üzvlərinin və Avropa İttifaqı qurumları rəsmilərinin Azərbaycana girişinin qadağan edilməsi məsələsini nəzərdən keçirsin”
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !