Vergi Məcəlləsində Kiçik və Orta Biznes klaster şirkətləri və onların iştirakçıları üçün bir sıra vergi güzəştləri barədə hüquqi bazası hazırlanır. Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən "Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda deyib.
Vergi Məcəlləsindəki güzəştlərin tətbiqi üçün normativ-hüquqi bazanın tamamlanması istiqamətində işlər aparılır", - o deyib.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində "KOB klaster şirkəti” və "KOB klasterin iştirakçısı” üçün bir sıra vergi güzəştləri müəyyən olunub. Belə ki, KOB klaster şirkəti 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterin iştirakçısı isə 7 il müddətində əldə etdiyi mənfəətin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin gəlir vergisindən azad olunur. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "KOB klaster şirkəti”nin və "KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum olaraq müəyyən edilib.
Klasterlər -eyni və ya bənzər sektorda fəaliyyət göstərən, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı ticarət əlaqələrinin qurulması, kommunikasiya və qarşılıqlı dialoq imkanlarına malik olan sahibkarlıq subyektlərindən ibarət sistemlərdir.
KOB klaster şirkəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) KOB klaster şirkətinin şəhadətnaməsi verdiyi hüquqi şəxsdir.
KOB klasteri şirkətinin iştirakçısı KOB klasterində fəaliyyət göstərmək üçün KOB klaster şirkəti ilə müqavilə bağlamış, mikro, kiçik və orta sahibkarlıq subyekti olan və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən KOB klasterinin iştirakçısı şəhadətnaməsi verilmiş hüquqi və ya fiziki şəxsdir.
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !