"Bu, sürətli devalvasiya olacağından xəbər verir” - EKSPERT

15:26 | 25.08.2015

"Bu, sürətli devalvasiya olacağından xəbər verir” - EKSPERT

Dünyada baş verən proseslər – neftin qiymətinin düşməsi, dolların məzənnəsinin artması, digər ölkələrin milli valyutalarının ucuzlaşması Azərbaycana öz təsirini göstərib. 

Hazırda manatın dollara qarşı məzənnəsində hər hansı ciddi dəyişiklik olmasa da, əhali arasında ajiotaj yaranıb. Buna səbəb isə banklarda və valyuta dəyişmə məntəqələrində dolların olmaması göstərilir. 

Fevral ayında baş verən devalvasiyadan sonra növbəti devalvasiya təhlükəsindən qorxan əhali ehtiyat valyutalarını manatla deyil, dollar valyutası ilə saxlamağa üstünlük verirlər.

Ölkədə baş verən bu proseslər nə vaxta kimi davam edəcək? Növbəti devalvasiya nə vaxt olacaq? Əhali arasında yaranan ajiotajın əsas səbəbi nədir? Mərkəzi Bank manatın məzənnəsini sabit saxlaya biləcəkmi? Böhran təhlükəsindən çıxış yolu nədir? 

Bu sualları cavablandırmaq üçün ANN.Az xəbər portalı iqtisadçı ekspert Azər Mehdiyevə müraciət edib. 

"Mərkəzi Bank banklara dollar verildiyini söyləsə də, əhali banklardan dollar tapa bilmir…" 

İqtisadçı ekspert qeyd edib ki, Mərkəzi Bank manatın məzənnəsini bir neçə gün ərzində artırıb: "Ola bilsin ki, bu Mərkəzin Bankın atdığı psixoloji addımdır. Ancaq real olaraq bu gün bazarlarda baş verən prosesslər bunun əksini göstərir. Ona görə ki, Mərkəzi Bankın dollar təminatında heç bir problem yoxdur, kifayət qədər banklara və valyutadəyişmə məntəqələrinə dollar verdiyini söyləsə də, son günlər əhali əldə olunan valyutanı lazımi səviyyədə dəyişə bilmir. Faktiki olaraq valyuta dəyişmə zamanı qiymətlərin qaldırılması baş verir, yəni daha yüksək məzənnə ilə dəyişilir. Əgər bu kifayət qədər dollar ehtiyatı olmasına görə baş verirsə, bu artıq valyuta dəyişmə məntəqələrinin qanunu pozması deməkdir. Hərçənd, gözlə görünən odur ki, orada valyuta alqı-satqısı zamanı bazar prosesləri baş verir. Çünki heç kəsə sirr deyil ki, Azərbaycan valyuta bazarında bütün əməliyyatlar heç də rəsmiləşdirilmir. Bir çox hallarda, yəni daha iri valyuta mübadiləsi  zamanı da rəsmiləşdirmə aparılmır. Bu baxımdan valyuta dəyişmə məntəqələri bazarın durumunu daha yaxşı bilirlər”. 

"Əhali arasındakı ajiotajın real səbəbləri var..."

A.Mehdiyevin sözlərinə görə, Azərbaycan manatının taleyinin dollardan asılı olması dəfələrlə sübut olunub: "Hətta sonuncu  devalvasiya zamanı Mərkəzi Bankın rəhbəri özü də etiraf etdi ki, ölkəyə valyuta gətirən neftdir, yəni Neft Şirkəti, Neft Fondudur. İndi də dünya bazarında neftin qiymətinin düşməsi ölkəyə daxil olan valyuta daxilolmalarını azaldır. İnsanlar faktiki olaraq dolların azalması təhlükəsi ilə üzləşirlər və onların belə ajiotaj yaratması qaçılmazdır. Eyni zamanda qonşu neft ölkələrində olan durum və onların valyutlarının da devalvasiyaya uğraması insanlarda narahatlıq yaradır”. 

"Mərkəzi Bank manatın məzənnəsini qaldırmaqla ajiotajı yatıra bilməz..."

Müsahibimiz əlavə edib ki, Mərkəzi Bank manatın məzənnəsinin sabit saxlanılması ilə əlaqədar ictimaiyyətə müntəzəm məlumat verməli, ictimai rəy əsasında qərarlar qəbul etməlidir: "Çox əfsuslar olsun ki, Mərkəzi Bank qərarları qəfil verir. Və bu qərarlar da qüvvəyə mindiyi gün ictimaiyyətə çatdırılır. Bu qədər geniş proseslər baş verir, heç bir iqtisadi ekspertlər cəlb olunmur, durum müzakirə edilmir, insanlara məlumat verilmir ki, bu çətin vəziyytədən necə çıxış yolu tapmaq olar. Ancaq qapalı iclaslar keçirir, qərarlar verirlər. Bir çox hallarda bu cür ajiotajlar dövründə çəkindirici çağırışlar edirlər. Bütün hallarda manatın məzənnəsinin qaldırılması bu ajiotajların yatırılması üçün atılan addım kimi başa düşülən deyil. Mərkəzi Bank düşünürsə ki,  bu yolla insanlar arasında olan ajiotajı yatırmaq olar, bu çox səhvdir”. 

Mərkəzi Bank manatın məzənnəsini yenidən sabit saxlaya bilərmi?

A.Mehdiyev xatırladıb ki, Mərkəzi Bank son zamanlar dövriyyədə olan manatı məhdudlaşdırmaqla müəyyən addımlar atıb: "Manatın sabit saxlanması məsələsi ancaq neftin qiymətindən asılıdır. Əgər neftin qiyməti belə davam edərsə, yəni qiymətlərdə ucuzlaşma olarsa, Mərkəzi Bank çətin ki, manatın məzənnəsini sabit saxlaya bilsin. Baxmayaraq ki, Elmar Rüstəmov fevral ayında olan devalvasiyadan sonra çıxışında bildirmişdi ki, neftin qiyməti hətta 40 dollar olarsa belə bu vəziyyət onlara sərf edəcək rəqəmdir, yəni onlar manatın məzənnəsini saxlaya biləcəklər. Ancaq neftin qiymətinin uzun müddətli 40 dollar və bundan aşağı rəqəm olması təbii ki, çox böyük təhlükədir. Amma hal-hazırda manatın məzənnəsinə ciddi təzyiqlər var və belə olan halda məzənnəni qoruyub saxlamaq çox mürəkkəbdir”. 

"Məzənnənin saxlanılıb birdən buraxılması, sürətli devalvasiya olacağının xəbərçisidir..."

Sonda ekspert deyib ki, manatın buraxılması ajiotajdan da irəli gələ bilər: "Mərkəzi Bank özü tədricən məzənnəni aşağı salmaqla bu ajiotajı aradan qaldıra bilər. Kəskin bir devalvasiya olmadan manatın məzənnəsinin tədricən aşağı salınması xətti seçilə bilər. Amma bu şəkildə yox, manatın məzənnəsini saxlayıb birdən buraxılması isə sürətli devalvasiya olacağının xəbərçisidir. Baş verə biləcək devalvasiyanın hansı faiz dərəcəsi ilə olacağını demək çox çətindir. Adətən, bu cür sıçrayışlı devalvasiyaların haqqında verilən qərarlar siyasi olur. Bu barədə rəqəmləri indidən söyləmək yanlış anlaşılar. Çünki burda ilk öncə büdcəyə daxilolmaların azalması, büdcə qarşısında olan öhdəliklərin yerinə yetirilməsi çətinliyi və bunun aradan qaldırılması ilə tanış olmaq lazımdır. Buna görə növbəti devalvasiyanın hansı fazi dərəcəsi ilə baş verəcəyini söyləmək çox çətindir”.   

Orxan Aslanlı


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM