Dövlət İmtahan Mərkəzi (DİM) 9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələr barədə məlumat açıqlayıb.
Bu barədə Trend DİM-ə istinadən məlumat verir:
İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini (xətkeş, pərgar və transportir) gətirməyi unutmayın;
"İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlin;
İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;
İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;
İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;
Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqlərində, sual kitabçasında və esse vərəqində yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin;
Sizə verilmiş cavab vərəqlərinin 1-ci və 2-ci bəndlərini diqqətlə oxuyun və imzanızla təsdiqləyin;
Sual kitabçasını, cavab vərəqlərini və inşa vərəqini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;
Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki cavablar nəzərə alınır.
Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış cavab vərəqində qeyd olunmalı və yazılmalıdır;
İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcək;
Səhv cavabların nəticələri düz cavablara təsir etmir;
Ana dilindən tapşırıqları cavablandırmaq üçün uyğun mətni diqqətlə oxuyun;
Ana dilindən 1-5, 11-15 nömrəli tapşırığa aid verilmiş 5 cavabdan yalnız biri doğrudur. Bu tapşırıqları cavablandırarkən yalnız bir cavabı nümunədə göstərilən qaydada, səliqəli şəkildə qaralayın. İki və daha çox sayda cavab (dairə) qaralanarsa, həmin tapşırığın cavabı səhv hesab olunacaq;
Ana dilindən 6-10, 16-20, riyaziyyatdan isə bütün tapşırıqlar (21-30 nömrəli) yazı işi tapşırıqlarıdır;
Ana dili fənnindən hər bir tapşırığa verdiyiniz cavabı və tapşırığa aid fikirlərinizi həmin tapşırıq üçün ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın;
Riyaziyyat fənnindən hər bir tapşırığın həllinin bütün mərhələlərini (izah etməklə və istifadə edilən xassələri, teoremləri, aksiomları göstərməklə) və cavabını həmin tapşırıq üçün ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın. Nəzərə alın ki, həlli yazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda da "0” (sıfır) balla qiymətləndiriləcək.
Riyaziyyat fənnindən 28-30 saylı tapşırıqlar situasiyaya aiddir. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və orada verilmiş məlumatlardan istifadə edərək həmin tapşırıqları cavablandırın. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər;
Hər bir tapşırığın cavabını (və ya tapşırıqla bağlı fikirlərinizi, tapşırığın həllini) cavab vərəqində həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun hissədə qeyd edin və ya yazın;
Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqlərinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verin;
Esse (inşa) yazacaq olan şagirdlər cavab vərəqlərini və sual kitabçasını təhvil verdikdən sonra esse vərəqini təhvil almalıdır;
Esse (inşa) vərəqində verilmiş üç mövzudan biri seçilməli və mövzunun adı mütləq ayrılmış sahədə yazılmalıdır;
Esseyə (inşaya) aid plan tərtib edilməli və həmin plan əsasında ən azı 1 səhifə (250 və ya daha çox söz) həcmində esse yazılmalıdır;
Həm yazı işi, həm də esse tünd-göy və ya qara rəngli diyircəkli qələmlə səliqəli və oxunaqlı xətlə yazılmalıdır;
Esseni yazıb bitirdikdən sonra esse vərəqi nəzarətçiyə təhvil verilməlidir.
Xatırladaq ki, imtahan prosesi ilə bağlı vacib tövsiyələr, şagirdlərin əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar daha ətraflı "Yaddaş kitabçası”da təqdim olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !