Böyükağa Hacıyev: "Cavid Hüseynov ucaldıqca, dönüb arxaya baxmalı idi"

18:30 | 19.08.2015
Böyükağa Hacıyev:

Böyükağa Hacıyev: "Cavid Hüseynov ucaldıqca, dönüb arxaya baxmalı idi"

Avqustun 8-də ölkə tarixində ilk dəfə jurnalist-idmançı mübahisəsi faciə yə səbəb olub.  Sosial şəbəkədə etdiyi hərəkətinə görə futbolçunu tənqid edən jurnalist, ANN.Az portalının əməkdaşı Rasim Əliyev "Qəbələ" futbol komandasının kapitanı Cavid Hüseynovun yaxın qohumunun rəhbərlik etdiyi 5 nəfər tərəfindən döyüldü və aldığı xəsarətlərdən avqustun 9-da xəstəxanada vəfat etdi. 

Bu hadisədən də göründüyü kimi, Azərbaycanda hələ bir çox təbəqənin üzvləri, əsasən də üzdə olan, müəyyən yüksək nəticələr əldə edən şəxslər tənqidə dözüm göstərmir, onlarla bağlı tənqidə tez reaksiya verir, hətta yaxın qohum-əqrabasını da bu mübahisəyə cəlb edirlər. İdmançıların, xüsusən də futbolçuların psixoloji durumu necə olmalı, bu xüsusiyyətin püxtələşməsi üçün kimlər daha çox səy göstərməli, kimlər daha çox maraqlı olmalıdır. 

Bununla bağlı Azərbaycan futbolunda öz sözünü demiş bir neçə mütəxəssisin rəyini diqqətinizə çatdırırıq:


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nazim Süleymanov: 
 
Futbolçularımızın psixoloji baxımdan hazır olub-olmamaları meydana çıxdıqları zaman özünü biruzə verir. Bunun üçün sadəcə onların sifətlərinə baxmaq kifayətdir. Oyunçuların nizam-intizamının olmaması elə onların psixoloji hazırlığından xəbər verir. Təəssüf ki, nəinki futbolçuların, əksər idmançıların psixoloji hazırlıqla bağlı problemləri çoxdur. Bu hala xüsusilə klublarda daha çox rast gəlinir. Buna görə də ilk öncə klublarda bu oyunçulara təlim keçirilməli, daha sonra milli komandaya  göndərilməlidirlər. Psixoloji hazırlıqlar haqqında artıq ciddi tədbirlər görməyin vaxtıdır. Bu məsələ AFFA-nın iclaslarında müzakirə olunmalıdır.
 
Amma başa düşmək lazımdır ki, psixoloji hazırlıq 1 günə, 1 aya başa gəlmir. Bu böyük zəhmətin müqabilində qazanılan keyfiyyətdir. Ona görə futbolçular özləri üzərlərində çalışmalıdır. Xüsusilə indi onlar özlərini hər cəhətdən düzəltməli, daha güclü olmalıdırlar.

Bu yaxınlarda Malta ilə Bakıda keçirdiyimiz yoldaşlıq oyununda futbolçuların klublarından nə qədər hazırlıqsız gəldiyinin şahidi oldum.


AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov:  

Bu olay hamımıza dərs olmalıdır. Cavid Hüseynova gəlincə, "Qəbələ” klubu bu olaydan sonra özünü müsbət baxımdan göstərə bildi, bütün komanda birlik nümayiş etdirdi.  Hesab edirəm ki, belə olaylar, hadisələr hər bir baş məşqçinin başına gələ bilər. "Qəbələ” klubu vahid halda birləşməlidir, onlar özlərini itirməməlidirlər.

Kimisə əvvəlcədən mühakimə etmək düzgün deyil. Ona görə də əvvəlcədən demək olmaz ki, kimdir günahkar. Cavid oynadığı oyunuyla, özünü komandada yaxşı göstərməsiylə liderə çevrilə bilmişdi. Ancaq bu o demək deyil ki, hansısa lider belə bir addımı ata bilər. Məlum olayla bağlı istintaq davam edir. Bu barədə əvvəlcədən proqnoz vermək, fikrimcə, çox yanlış olar. Futbolun içərisində olan bir şəxs kimi deyə bilərəm ki, futbol tarixində indiyə qədər belə bir olay baş verməyib.

İnanıram ki, bu cinayəti törədənlər öz layiqli cəzasını alacaqlar. Bu cinayətlə bağlı bütün işləri artıq ölkə başçısı öz üzərinə götürüb. AFFA-nın və UEFA-nın hansı qərar çıxarmaları ilə bağlı onu demək olar ki, məhkəmə qərarından sonra bu barədə danışmaq düzgün olar. Amma düşünürəm ki, məhkəmə qərarı verildikdən və AFFA öz mövqeyini ortaya qoyduqdan sonra UEFA öz fikrini açıqlayacaq. 

 

Məsqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev:  

Futbolçu üçün ən yaxşı psixoloq məşqçinin özüdür. Mən özüm 4 il psixologiya elmi ilə daha yaxından maraqlanmışam və bunun mənə çox böyük köməyi dəyib. Klubda hər ölkədən bir futbolçu ola bilər, buna görə də məşqçi onların ilk əvvəl psixologiyasını daha dərindən öyrənməli, onlarla daha yaxından maraqlanmalıdır. Azərbaycanda futbolçuların psixoloji hazırlığından qətiyyən razı deyiləm.

Cavid Hüseynov ucaldıqca, dönüb arxaya baxmalı idi. Cavid 3 il bundan əvvəl mənim rəhbərliyim altında oynayırdı. Sezon bitdikdən sonra isə 7-8 oyunçu ilə bərabər Cavidə dedik ki, siz artıq bizə lazım deyilsiz. Bundan sonra Cavid Türkiyəyə getmişdi. Ordan qayıtdıqdan sonra "Qəbələ” klubunda oynamağa başladı. İnsanın uğuru artdıqca gərək xarakteri, xasiyyəti dəyişməsin. Cavid Hüseynov öz gələcəyini düşünməli, hər bir insanla dost, qardaş olmağı bacarmalı idi.  
 
 

"Kəpəz” futbol klubunun baş məşqçisi Şahin Diniyev ilk növbədə ANN.Az kollektivinə, Rasim Əliyevin ailəsinə və bütün jurnalistlərə baş sağlığı verdi: 

İnsan itkisi və bu şəxsin jurnalist olması bizim üçün də çox ağırdır. Bu barədə danışmaq isə ondan da ağırdır. Bu məsələdə əvvəlcədən kimin günahkar, kimin günahsız olduğuna dair qərar vermək düzgün deyil. Bunu hüquq-mühafizə orqanları edəcək. Ölkə başçısının bu işi şəxsi nəzarəti altına alması bir daha sübut etdi ki, cinayət işi yüksək səviyyədə araşdırılır, cinayətkarlara layiqli cəza veriləcək. Hər iki tərəfə sözüm ancaq səbrli olmaqdır. Bu hadisə haqqında əvvəlcədən fikir söyləməyin özü də çox məhsuliyyətli işdir. Amma onu da yaddan çıxarmayaq ki, hər şeyə ilk qiyməti Allah verir. Onun ədalətindən qaçmaq olmaz.
 
Hazırda ölkədə heç bir klub futbolçular üçün pisxoloq tutmağın vacibliyi barədə məlumata malik deyil. Futbolçuların psixoloji durumunun yoxlanılmasını yalnız SSRİ vaxtında  eşitmişəm. O vaxtlar Tofiq Cabbar millinin oyununa bir gün qalmış bütün futbolçuları yığıb onları psixoloji hazırlığını yoxlayır, müəyyən məsləhətlər verirdi.
 
 
 
Məsələn xarici ölkələrdə belə təcrübə indi də var. Amma bizim klublarda buna heç rast gəlməmişəm. Fikrimcə, yaxşı baş məşqçi həm oyunçunun oyununa, həm onun pisxoloji durumuna bələd olmalı, ona dost kimi yaxın olmağı bacarmalıdır.
 
 


Xatırladaq ki, avqustun 8-də ANN.Az portalının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.

Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Rasim Əliyev öz "Facebook” hesabında Cavid Hüseynovun jurnalistlərin suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Həmin videoda Cavid Hüseynov Kirpirli bir jurnalistin "matçtda niyə Türkiyənin bayrağını qaldırdınız" suallına əl hərəkətləri ilə cavab verdiyi görünür. Bundan sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək, onun əli ilə göstərmək istədiklərinin yalnış anlaşıldığını və əslində o Türkiyə ilə Azərbaycanın dostluğunu göstərmək istədiyini bildirib.

Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq davam edir. Baş Prokurorluq qeyd edir ki, istintaqın gedişi və görülən işlərlə bağlı ölkə prezidentinə mütəmadi məruzə edilir.


Orxan Aslanlı



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür