“Cəllad ölkələr”in adları açıqlandı - SİYAHI

12:59 | 07.01.2016
“Cəllad ölkələr”in adları açıqlandı - SİYAHI

“Cəllad ölkələr”in adları açıqlandı - SİYAHI

Bütün dünyada ölüm hökmünə qarşı mübarizə aparan nüfuzlu "Reprieve” təşkilatının 2015-ci il üçün tərtib etdiyi siyahı planet boyunca edamların artdığını göstərib.

ANN.Az "Azadlıq” radiosuna istinadən bildirir ki, Çin bu siyahıda ötən il ən azı 1000 nəfəri edam etməklə birincidir.

"Reprieve” təşkilatı bildirir ki, Çin dövləti edamların sayını məxfi saxlasa da, onun dünyada ən çox ölüm hökmü oxuyan ölkə olduğuna inanılır.

Rəqəmlərə görə İran Çindən çox az geri qalır. 2015-ci ildə İranda edam edilənlərin sayı "raket sürətilə artıb”.

İranda 2014-cü ildə azı 289 ölüm hökmü icra edilmişdisə, 2015-ci ildə bu rəqəm 957-yə çatıb.

Hesabatda deyilir ki, bu ölüm hökmlərinin üçdə ikisi narkotik maddələrlə bağlı çıxarılıb. İranda edamlar əsasən asma vasitəsilə icra olunur.

2016-nın qanlı başlanğıcı

Yeni hesabatda edamların sayına görə Pakistanın Səudiyyə Ərəbistanını geridə qoyduğu bəlli olub.

Bu, Pakistanın son altı ayda 150 məhkumu asmasından sonra baş verib

Ümumilikdə isə Pakistanda ötən il 322 nəfər edam olunub. Pakistan edamlara yalnız Ramazan ayında fasilə verib.

Səudiyyə Ərəbistanı 2015-ci ilin nəticələrinə görə üçüncü yerdən dördüncü yerə enib.

"Reprieve" xeyriyyə fondunun hesabatında deyilir ki, 2016-cı ilin də edamlarla bol olacağı gözlənilir. Beləki 2016-cı ilin ilk bir neçə günündə artıq 47 nəfər edam olunub. Bu, Səudiyyə Ərəbistanında baş verib.

"Amnesty International" təşkilatı Səudiyyəni "insan haqlarına və insan həyatına açıq hörmətsizlikdə” ittiham edib.

Siyasi rəqiblərin edamı

Səudiyyənin yeni ildə edam etdiyi insanların arasında 18 yaşlı siyasi fəal Ali al-Ribh də olub.

Şiə ruhanisi Nimr al-Nimr və üç başqa şiə istisna edilməklə, qalan 43 nəfərin "əl-Qaida" təşkilatı ilə bağlılığı iddia edilib.

"Amnesty International" təşkilatı Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Filip Luther deyib ki, Səudiyyə terrorla mübarizə apardığını bildirsə də, şeyx Nimrin edamı, ölüm hökmlərindən həm də siyasi rəqiblərin ləğvi üçün istifadə edilidiyini göstərir.

Luther deyib ki, Səudiyyədə bir çox hallarda məhkumlar uşaq yaşlarında törədilmiş cinayətlərə görə edam edilirlər.

İraqda ötən il nə qədər insanın edam edildiyi bilinmir, lakin bu rəqəm 2014-cü ildə 61 idi. Bu mənada İraq "dünya cəlladları” siyahısında ilk beşliyə daxil edilə bilər.

"Reprieve" təşkilatı bildirir ki, İraqın ilk beşliyə daxil edilməsi Birləşmiş Ştatları 6-cı yerə endirir.

ABŞ-da ötən il 28 nəfər edam edilib. 2014-də bu rəqəm 35 idi.

Hesabatda bildirilir ki, əczaçılıq şirkətləri hakimiyyət orqanlarını "ölümcül iynələr”lə təchiz etməkdən boyun qaçırdıqdan sonra, bu ölkədə edamlar say etibarilə son 24 ildə ən aşağı həddə düşüb.

Uşaqlar, ruhi xəstələr və başqaları…

"Reprieve" təşkilatının direktoru Maya Foa isə deyib ki, Səudiyyə, İran və Pakistanda edam olunanların arasında çox sayda uşaq, ruhi xəstə və qətl törətməyən insanlar var.

Bu üç ölkə narkotik maddələrlə bağlı edamlarla yanaşı, həm də siyasi etirazçılara ölüm hökmləri oxuyur. İranda hətta "Allaha qarşı cinayətlər” kimi ittihamlar mövcuddur.

Təşkilatın son hesabatında 1962-ci ildən bəri heç kəsi edam etməmiş Britaniya ölkə xaricində, ələlxüsus da Səudiyyə və başqa şərq ölkələrində edamlarla bağlı etiraz səsini ucaltmamaqda günahlandırılır.

Britaniya Xarici İşlər Nazirliyi bu iddiaya cavab olaraq bildirib ki, London aşkar şəkildə ölüm hökmnlərinin əleyhinədir və bunun əksini iddia etmək ədalətsizlik olardı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM