"Azərişıq" Qarabağı 100% işıqla təmin edib - REPORTAJ
!["Azərişıq" Qarabağı 100% işıqla təmin edib - REPORTAJ "Azərişıq" Qarabağı 100% işıqla təmin edib - REPORTAJ](https://anews.az/photo/850x500/2025/02/14/1739537542_musabiqe.jpg)
Firayə Nurizadə
“Azərişıq” ASC son beş ildə işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi layihələr nəticəsində qurumun abonentlərinin sayını 5 097 nəfərə çatdırıb. Bu barədə "Azərişıq" ASC-nin Azərbaycanın işğaldan azad edilən ərazilərinə təşkil etdiyi media tur zamanı qurumun Enerji satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev bildirib.
"Azərişıq Qarabağda" layihəsinin icrasına Cəbrayıl rayonu ərazisindən başlanılıb. 2020-ci il oktyabrın 28-i Cəbrayıl şəhəri elektriklə təmin olunub. İkinci Qarabağ müharibəsinin bitməsinə 2 həftə qalmış Hadruta yeni elektrik xətləri çəkilib və bu şəhər elektrik enerjisi ilə təmin edilib.
2021-ci il yanvarın 7-də Topxana meşəsi ərazisindən Şuşaya dayanıqlı elektrik xətləri çəkilib. Həmin xətt vasitəsilə Xocalı və Xocavəndin 10-a qədər kəndi, xüsusilə dövlət əhəmiyyətli obyektlər, hərbi hissələr elektrik enerjisi ilə təmin edilib.
“Azərişıq” ASC-nin Tədris və innovasiyalar mərkəzinin direktoru Araz Məmmədzadənin sözlərinə görə, Şuşaya elektrik xətlərinin çəkilməsi 37 gün çəkib.
"Şuşanı elektrik enerjisi ilə təmin edən və Topxana meşəsindən keçən xətlərin tikintisini 37 günə bitirdik. Tikinti zamanı izolyasiya olunmuş müasir kabellərdən istifadə olunub”, - Məmmədzadə bildirib.
Onun sözlərinə görə, ötən illər ərzində Şuşada Rəqəmsal İdarəetmə Mərkəzi və Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi də daxil olmaqla 35/0.4 kV-luq 7, Daşaltı kəndində isə 35/10 kV-luq 1 yarımstansiya, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Cəbrayılda Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istismara verilib.
2021-ci il martın 2-də Qubadlı və Zəngilanda xüsusi dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təmin olunub. 2021-ci il mayın 12-dən etibarən Şuşadan sonra ilk izolyasiyalı kabeldən istifadə olunaraq Suqovuşan elektrik xəttinin çəkilişinə başlanılıb.
"Tədqim olunan datallar azad edilən ərazilərimizdə işlərin xüsusi operativliklə, elə işin öz mahiyyətinə uyğun işıq sürətilə həyata keçirildiyini deməyə əsas verir", - Məmmədzadə əlavə edib.
İşıqlı Qarabağ
2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə böyük güc mərkəzlərindən ikisi açılıb. Sentyabrın 2-də ölkə başçısı Kəlbəcərdə 110/35 kV-luq “İstisu” yarımstansiyasını işə salıb. Oktyabrın 3-də Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib.
Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazır vəziyyətdədir. Hər 3 güc mərkəzi müasir tələblərə cavab verən SCADA sistemi ilə təchiz edilib.
SCADA nədir və niyə vacibdir?
SCADA nəzarətə nəzarət və məlumatların alınması deməkdir və tez-tez sənaye avtomatlaşdırma və idarəetmə sistemlərində istifadə olunur. Bu sistemlər obyekt və avadanlıqların monitorinqi, nəzarəti və məlumatların toplanması proseslərini idarə edir. SCADA elektrik şəbəkələri, su təmizləyici qurğular, neft və qaz xətləri kimi kritik infrastrukturlar üçün çox vacibdir.
İşğaldan azad olunan ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin tikintisi də davam edir.
"Azərişıq" ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərovun sözlərinə görə, tikinti işləri Xankəndi ərazisini də əhatə edir.
"Xankəndi ərazisində şəbəkə köhnədir. Demək olar ki, istifadəyə yararsızdır. Hazırda Xankəndi və Xocalı şəhərlərinin 35 kV-luq paylayıcı elektrik şəbəkələri iki müxtəlif 110 kV-luq güc mərkəzləri arası dairəvi elektrik təchizat sxeminin yaradılması işlərinə başlanılıb", - Qənbərov deyib.
Laçında görüən işlərə gəlincə isə o bildirib ki, azırda bu rayonda müasir yarımstansiya və rəqəmsal idarəetmə Mərkəzi tikilir, eləcə də 110/35/10 kV-luq "Minkənd" yarımstansiyasının inşası, "Ağbulaq-SES" və "Minkənd" yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi yekunlaşmaq üzrədir.
"Xocalıda "Xocalı" yarımstansiyası və İdarəetmə Mərkəzinin tikintisi, "Əsgəran", Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir. Xocavənddə "Zoğalbulaq" yarımstansiyasının tikintisi, Hadrut "Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq" yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi davam edir. Həmçinin Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatının təmin olunması məqsəsilə müasir tələblərə cavab verən yeni transformator yarımstansiyaları tikilir. Hazırda Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində tamamlanma işləri gedir", - "Azərişıq" rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, Kəlbəcər şəhəri 2021-ci il iyulun 18-dən elektrik enerjisi ilə təmin olunub. Kəlbəcər ərazisi xeyli qeyri-stabil şəraitli olsa da, "Azərişıq" əməkdaşları fasiləsiz fəaliyyət göstəriblər.
“Yaşıl enerji”li Qarabağ
Qarabağ işğaldan azad edildikdən sonra bu ərai Azərbaycan hökuməti tərəfindən "yaşıl enerji " zonası elan edildiyindən "Azərişıq" ASC burada davamlı enerji layihələrinin icrasına başlayıb.
Qurumun Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadənin sözlərinə görə, son bir ildə, xüsusən ötən il noyabrın 11-dən 22-dək ölkəmizdə keçirilən COP29 ərəfəsində paytaxtda və regionlarda, eləcə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı enerji ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) quraşdırılıb.
Abonentlər "Azərişıq" ASC-nin Qarabağdakı fəaliyyətindən razıdılarmı?
30 ildən sonra tarixi vətənlərinə qayıdan və “Azərişıq” ASC-nin əhali kateqoriyasına daxil olan abonentlər elektrik təchizatının fasiləsiz həyata keçirildiyini bildirir.
Firəngiz Kərimova Zəngilan rayonu Ağalı kənd sakinidir.
“Ağalıya köçdüyümüz gündən yaşadığımız ünvan elektrik enerjisi ilə təmin olunub. Təmir işləri ilə bağlı elektrikin işində fasilələr olduqda "Azərişıq" bizi “WhatsApp” vasitəsilə məlumatlandırır. Pis hava şəraiti zamanı da elektrik təchizatında fasilə olmur. Hələlik işıq pulu vermirik. Çünki Ağalı sakinləri 3 il işıq pulundan azad edilib”, - Ağalı sakini Anews-a bildirib.
Xocalı sakini olan Ceyran Əzizova isə az hallarda elektrikin verilməsində fasilələrin olduğunu bildirib.
"Xocalı şəhərində yaşayıram. Yalnız ildırım çaxanda bir neçə dəqiqə işıqlar sönür. Amma tez bərpa edilir”, - Əzizova vurğulayıb.
Laçının Zabux kənd sakini Taleh İsgəndərli hərbi təlim müəllimidir. Onun sözlərinə görə,onların evinin damında Günəş panelləri quraşdırılıb.
"Bu panellər elektrik enerjisinin ötürülməsinə dəstək verir. Hava isti olanda günəş panelləri ilə enerji paylanılır”, - İsgəndərli Anews-a deyib.
Milli Məclisin deputatı Naqif Həmzəyev: “Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl enerji”nin tətbiqi daha detallı işlənib. Eyni zamanda, hidroelektrik stansiyalarının da qurulması ən çox Qarabağ ərazisində tətbiq olunmaqdadır”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev işğaldan azad edilən ərazilərin “yaşıl zona”ya çevrilməsinin önəm daşıdığını bildirib.
“Azərbaycanın bütün regionları üzrə enerji resurslarının atlası hazırlanıb. Həmin atlasda Qarabağ və Şərqi Zəngəzur ərazislərində “Yaşıl enerji”nin tətbiqi daha detallı göstərilib. Hidroelektrik stansiyalarının da qurulması ən çox Qarabağ ərazisində tətbiq olunmaqdadır. Qarabağ işğal altında olanda meşə massivinə çox böyük ziyan dəyib. Bu baxımdan da uzun illər meşə fondunu bərpa etməyə çalışmalıyıq. Bu istiqamətdə “Yaşıl enerji”yə keçidi sürətləndirməliyik. Həmçinin elektrik enerjisinə alternativ enerji mənbələri istehsal edəcəyimiz təqdirdə digər enerji resurslarını Avropa və dünya bazarlarına rahatlıqla çıxarıb sata biləcəyik. Bu da Azərbaycanda iqlim dəyişikliklərinə qarşı mübarizəni təşviq edəcək", - Həmzəyev Anews-a bildirib.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə ekspert Elmin Nurinin sözlərinə görə, "Azərişıq"ASC iqlim savadlılığı, ekoloji maarifləndirmə və “Yaşıl enerji” məsələlərinə yer ayırmalıdır.
“Yaşıl enerji”nin tətbiqi və bilgi arealının genişləndirilməsi ekoloji maarifləndirmə istiqamətində vacib addımlardan biridir. Qurumun Tədris və İnnovasiyalar Mərkəzində “Yaşıl enerji” konsepsiyasının təbliği və təşfiqi istiqamətində innovativ layihələrin təklifi, dəstəklənməsi həm də ekoloji maarifləndirmənin əsas qollarından biri hesab olunmalıdır. Həmçinin, adıçəkilən mərkəzin ölkədəki energetika, ekologiya profilli ixtisasların tədris olunduğu ali təhsil müəssisələri ilə ortaq layihələrin hazırlanması, konfransların təşkili arzuediləndir. Hazırda ölkədəki elmi mühit, uyğun profilli elmi tədqiqat institutları və ali təhsil müəssisələri “Yaşıl enerji”nin təbliği istiqamətində “Azərişıq” ASC-yə öz dəstəklərini əsirgəməməlidirlər”, - Nuri bildirib.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “Azərişıq” ASC-nin 10 illik yubileyinə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr” mövzusunda media subyektlərinin təmsilçiləri arasında müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)