İncəsənət Gimnaziyası niyə təmir olunmur - Şikayət/Açıqlama

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında təhsil alan şagirdlərin valideynləri gimnaziyanın təmirə başlamamasından narazıdırlar. Bu barədə həmin təhsil müəssisəsində təhsil alan şagirdlərin valideynləri anews.az-a müraciət edərək bildiriblər.
"Bir il öncə bizə bildirildi ki, mətəb təmir olunur. Növbəti tədris ilində uşaqlar daha yaxşı şəraitdə təhsil alacaqlar. İndi məlum olur ki, həmin məktəbdə təmir işlərinə belə başlanılmayıb. Uşaqlarımızı şəhərdə 189-190 saylı məktəbə köçürüblər. Orda musiqi, rəqs dərslərinin keçilməsi üçün şərait yoxdur. Eyni zamanda uşaqlar həmin məktəbin ikinci növbəsi oxuyur. İkinci növbə zamanı istilik sistemi söndürülür və nəticədə bizim uşaqlar soyuq siniflərdə dərs keçməyə məcbur olur", - valideynlər qeyd edib.
Gimnaziyanın təmir olunması ilə bağlı Məktəbədəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası binasının bərpa-gücləndirilməsi çərçivəsində layihə işlərinin təkmilləşdirilməsi həyata keçirilir. Proses başa çatdıqdan sonra müvafiq sənədlər aidiyyəti dövlət qurumlarına təqdim ediləcək və təsdiq olunduqdan sonra əsaslı təmir işləri davam etdiriləcək.
Eyni zamanda 189-190 saylı məktəbdə istiliyin dayandırılması ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən sorğuya cavab olaraq qeyd olunub ki, ötürücü xətlərin bir hissəsində meydana çıxan problemlə əlaqədar məktəbin bir neçə sinif otağına istiliyin verilməsi qismən məhdudlaşıb. Məsələ tam nəzarətə götürülüb və qısa zamanda qarşıya çıxan problemin operativ həlli üçün zəruri tədbirlər görüləcək.
1959-cu ildə yaradılan İncəsənət Gimnazisiyası Azərbaycanın orta incəsənət təhsil məktəblərindən biridir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 