Gəncədə şagirdin döyülməsi təsdiq olunmadan müəllim işdən çıxarılıb - Qanun nə deyir...

Gəncədə 34 saylı məktəbin inglis dili müəllimi Cavid Rzayevə heç bir xəbərdarlıq olunmadan əmək fəaliyyətinə xitam verilib. Bu barədə anews.az-a müsahibəsində müəllim özü bildirib.
Bir neçə gün öncə Gəncədə 34 saylı məktəbdə 5-ci sinif şagirdinin müəllimin onu döyməsi iddiası ilə bağlı məlumatlar paylaşılıb.
Daha sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama verərək bildirib ki, müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında belə halların yolverilməzliyi nəzərə alınaraq, sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
"İndiyə kimi heç bir nöqsanım olmayıb. Belə hal ilk dəfədir baş verir. Onu döydüyümü iddia edən şagird dəfələrlə dərsə gecikdiyi üçün tənbehedici adım atmaq istədim. Uşağa qarşı heç bir fiziki zorakılıq, döymə faktı yoxdur. Bunu məktəb rəhbərliyi və regional təhsil idarəsi də bilir. Haqqımda radikal qərar verilib. Mənə deyilib ki, məsələ ictimailəşib deyə bu cür həll edilməlidir. Kamera görüntüləri də var. Hamısı bilir ki, bu mənə qarşı böhtandır. Mənə səhvimə görə cəza verilməli idi. Bu məsələdə direktor da mənə lazım olan dəstəyi göstərib. Mənim işimə xitam verildikdən sonra regional idarədə qəbulda oldum", - müəllim deyib.
Cavid Rzayev deyir ki, hadisə baş verən gün o məcburiyyətdən işdən çıxmağı ilə bağlı ərizə yazıb. Ərizə yazılmayacağı təqdirdə onu əmək müqaviləsinin "70Ç" bəndi ilə işdən uzaqlaşdırmaq riski yaranıb.
"Hadisə baş verən gün təşviq içində olub ərizə yazdım. Bildirdim ki, fevralın 17-də məni işdən azad etsinlər. Lakin bir gün sonra ərizəmi geri çəkdim. Lakin geriçəkməyimə baxmayaraq bunu nəzərə almadılar", - o bildirib.
Gəncə 34 saylı məktəbin direktoru Seymur Məmmədov anews.az-ın "Müəllim uşağı döyübmü?" sualına cavab olaraq bildirib ki, məktəb təhsil müəssisəsi olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə tabedir və idarənin verdiyi cavabı doğrulamalıdır.
"Bununla bağlı ancaq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat ala bilərsiniz. Əlavə heçnə demək istəmirəm", - direktor bildirib.
34 saylı məktəbin 5-ci sinif şagirdinin döyülməsi ilə bağlı məktəblinin babası "Qafqazinfo"ya müraciət edərək bildirib.
“Bu, ilk hadisə deyil, daha öncə də nəvəm həmin müəllim tərəfindən döyülüb. Tualetdə “niyə direktora demisən?” söyləyərək uşağı bir daha döyüb. Başını bir neçə dəfə divara çırpıb. Uşaq əli üstə yerə yıxılıb və əzilib. Hazırda əlinə sarğı qoyulub. Bütün gecəni başının ağrısından dayana bilməyib. Səhəri gün məktəbə getdik, müəllimdən uşağı niyə vurmasının səbəbini soruşduq. Kollektivin qarşısında bizə “vurmuşam, yaxşı eləmişəm” dedi", - babası bildirib.
Babası baş verən hadisə ilə bağlı polisə müraciət etdiyini deyib.
Bir gün əvvəl ictimai televiziya döyülən Ə.H-un sinif yoldaşlarından müsahibə alıb. Şagirdlər müsahibədə bildiriblər ki, sinif yoldaşları öz öz əli ilə divara bir neçə dəfə çırpıb. Sonra isə evə gedərək müəllim məni döyüb deyib.
Məktəbin qarşına yığılan valideynlər də müsahibədə bildirib ki, əgər müəllim günahkar olsaydı bu qədər valideyn onu müdafiə üçün yığışmazdı.
Məsələ ilə bağlı döyülməsi iddia olunan şagirdin babası Ələddin Hüseynov anews.az-a bildirib ki, bu məsələ ilə bağlı bütün suallarınızı Daxili İşlər Nazirliyinə və Elm və Təhsil Nazirliyinə ünvanlayın.
"Valideynlər dedi, Əli-dedi Vəli dedi mən bilmirəm. Polis var. Qayda var qanun var. Gedin nə məlumat lazımdır ordan götürün, bir də məni narahat etməyin", - Hüseynov qeyd edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov anews.az-a açıqlamasında bildirib ki, ekspertiziya prosesi yekunlaşmayıb. Proses yekunlaşdıqdan sonra məsələyə hüquqi qiymət veriləcək.
Qanun nə deyir?
Hüquqşünas Xəyal Bəşirov bildirir ki, əmək qanunveriliciliyində öz vəzifələrini yerinə yetirməmə, işdə səhlənkarlıq, xoşagəlməz addım atmaqla bağlı ilk hərəkətlərdən işdən çıxarılma nəzərdə tutulmayıb.
"İşdən çıxarmadan əvvəl xəbərdarlıq, şiddətli töhmət kimi vasitələr mümkündür. İşdən çıxarma ən ağır tədbirlərdən biridir. Dərhal tətbiq etmə qanunvericiliyə uyğun deyil", - hüquqşünas qeyd edib.
Hüquqşünas Ramil Süleymanov söyləyir ki, hər hansı baş verən hadisə barəsində pedaqoji heyətin və Həmkarlar İttifaqının komissiyasının birgə qərarı olduqdan sonra qərar verilə bilər.
"Təhsil işçilərinin nümunəvi davranış qaydaları var. O cümlədən müəllimlərlə bağlanan əmək müqavilələrində müəllimin funksiyası hissəsində qeyd olunur ki, şagirdlərə qarşı davranış qaydaları hansı şəkildə olmalıdır. Müəllimlərin şagirdlərin düzgün olmayan davranışlarından dolayı hər hansı bir şəkildə fiziki təziqlərin edilməsi yolverilməzdir. Bu qanunvericiliyə görə araşdırılmalıdır. Bu müəllimin fiziki şiddət göstərməsindən dolayı təhsil müəssisəsinin qərar verəcəyi məsələdir. Fiziki xəsarət təsdiqlənirsə həmin müəllimin işdən çıxarılması mümkündür. Sadəcə şagirdə qarşı tənbehedici formada xəbərdarlığı,əlindən tutub hər hansı hərəkətləredici davranışı onun işdən çıxarılması üçün səbəb ola bilməz. Bununla bağlı pedaqoji heyətin və Həmkarlar Təşkilatının qərarı olmalıdır. Onlar hesab edərsə bu uşağın inkişafı üçün zərərli olan məsələ deyil, bununla bağlı müəllimə töhmət verilməsi qərarı verilə bilər. İşdən çıxarılması əsas ola bilməz.", - hüquqşünas deyib.
Vətəndaşların Əmək Hüquqlarının Liqası sədri, hüquq müdafiəçisi Sahib Məmmədov anews.az-a açıqlamasında bildirib ki, işdən xaric olunan müəllim məhkəməyə müraciət etməklə işinə bərpa edilə bilər.
"Şagirdlərə münasibətdə qanundankənar fəaliyyətə yol verilməməlidir. Hadisə baş verəndə müəyyən hallar nəzərə alınmalıdır və qərar çıxarılarkən qərar ədalətli olmalıdır. Təəssüf doğuran odur ki, bizdə regionalarda təhsil idarələrinə təhsilə aid olmayan insanlar cəlb olunub. Bu baxımdan təhsil sistemini bilmirlər. Nəticədə proses təhsilin kefiyyətinə mənfi təsir edir. Dərsi pozan şagird barəsində hər hansı tədbir görülə bilmirsə, o müəssisədə təhsil davam etməyəcək. Hansısa bir fiziki təziq olmadan əmək məcəlləsinin "70Ç" bəndini tətbiq etmək doğru deyil. Burda digər inzibati tənbeh növləri var. Xəbərdarlıq, şiddətli töhmət verilə bilərdi. Nəzərə alınmalı idi müəllim bir ailənin qazancını gətirir. Müəllim mediasiya prosesini keçməklə məhkəməyə müraciət etməklə işinə bərpa oluna bilər", - hüquq müdafiəçisi əlavə edib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müəllimə "xəbərdarlıq və töhmət verilmədən işdən çıxarılması" ilə bağlı ünvanladığımız sorğu cavabsız qaldı.
Baş verən hadisə ilə bağlı bir sıra təhsil ekspertləri öz sosial hesablarında müəllimə dəstək olaraq paylaşımlar ediblər.
Cavid Rzayev 2024-cü ildən Gəncədə 34 saylı məktəbdə çalışır. O, MİQ imtahanında 77,5 bal toplayıb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 