Müəllimlərə "hinduşkabaş" deyildiyi iddia edilən direktorla bağlı işə qayıtdıqdan sonra qərar veriləcək

Bakının Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbində müəllimlərə “dərs dilənçiləri”, “hinduşkabaş” deyildiyi iddia edilən direktor Sara Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur. Bu barədə Bakı Təhsil İdarəsindən bildirilib.
"Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinin təşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.
Məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilir.
Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.
təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - məlumatda deyilir.
Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü, onlara “dərs dilənçiləri”, “hinduşkabaş” dediyini iddia edirlər.