Məzuniyyətdə olan direktor müavininin işdən qovulduğu iddia edilir - Bizə "eşşək" deyir/Şikayət

Sumqayıtda 11 nömrəli məktəbin direktor əvəzi Şəhla Bağırovanın həmin məktəbin direktor müavini Vəfa Novruzəliyevanın məzuniyyətdə olduğu halda onu Əmək Məcəlləsinin 70 Ç bəndi ilə işdən azad etməsi ilə bağlı əmr imzaladığı deyilir. Bu barədə anews.az-a həmin məktəbdə çalışan direktor müavini Vəfa Novruzəliyeva şikayət edərək bildirib.
"25 ildir çalışdığım məktəbə Bağırova Şəhla direktor əvəzi gəldiyi gündən mən daxil müəllimləri təhqir edir. Tələb edir ki, məktəbdə davamlı rüşvət yığaq. Müəllimlərə "siz eşşəksiz, mən də eşşəkbaşıyam" deyir. Şəhla Bağırova daha əvvəl Əmək Məcəlləsinin "70Ç" bəndi ilə işdən çıxarılmasına baxmayaraq, yenə direktor əvəzi vəzifəsindədir. Hazırda öz hesabıma xəstəliklə bağlı məzuniyyətdə olmağıma baxmayaraq, bu gün məktəbdə iclas keçirərək mənim Əmək Məcəlləsinin 70Ç bəndi ilə işdən çıxarılmağımla bağlı qərar verilib. Həmkar İttifaqı həmin qərarı bugün mənə bildiriş olaraq göndərib", - şikayətçi bildirib.
Vəfa Novruzəliyevə bildirir ki, onun 25 illik fəaliyyəti dövründə heç bir nöqsanı olmayıb.
"Universiteti qırmızı diplomla bitirmişəm. İndiyə kimi heç bir nöqsanım olmayıb. Sadəcə direktor onun istədiklərini etmirik deyə bizimlə qərəzli davranır. Bundan əvvəl bir neçə müəllimi bu şəkildə işdən xaric edib. Heç kimdən çəkinmir. Həyat yoldaşının iş adamı olduğunu əsas gətirərək ona heç kimin heçnə edə bilməycəyini deyir. İcazəmlə bağlı yazdığım ərizəni də cırıb atıblar. Altıncı gün məktəbə getmək istədiyim halda mühafizə bildirdi ki, direktor ona məni məktəbə buraxmamağı tapşırıb", - müəllim əlavə edib.
Vəfa Novruzəliyeva deyir ki, Sumqayıt Təhsil İdarəsində sektor müdiri çalışan İmam Ağayevə şikayət etməsinə baxmayaraq onun məsələsinə baxılmır və sektor müdiri direktor əvəzi olan Şəhla Bağırovanı müdafiə edir.
Direktor müavini Vəfa Novruzəliyeva söyləyir ki, müəllimlər sadəcə işini itirməmək üçün sakit qalmağı seçiblər. Əslində isə bütün müəllimlər həmin direktor əvəzi olan Şəhla Bağırovanın hərəkətlərindən yorulublar.
Novruzəliyeva onu da qeyd edib ki, onun əlində müəllimlərdən rüşvət alması ilə bağlı faktlar da var. Ehtiyac olacağı təqdirdə aiddiyatı üzrə təqdim ediləcək.
Məsələ ilə bağlı Sumqayıt Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırıldıqdan sonra nəticəsi barəsində məlumat veriləcək.
Eyni zamanda Sumqayıt 11 nömrəli məktəbin direktor əvəzi Şəhla Bağırova ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verməyib.
Yazıda məktəb rəhbərliyinin mövqeyini işqlandırmağa hazırıq.
N. Təbrizli