Tunel tikintisi zamanı qatarlar bir istiqamət üzrə "Nizami"də, digər istiqamət üzrə "28 May"da hərəkəti sonlandıracaq

2025-ci ilin sonundan metroda yeni tunelin tikilməsi ilə əlaqədar "Dərnəgül" istiqamətindən gələn sərnişinlər "Nizami" stansiyasında, "Həzi Aslanov" istiqamətindən gələn sərnişinlər isə "28 May" stansiyasında alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar. Bu barədə Bakı Metropoliteninin açıqlamasında deyilir.
""Dərnəgül" istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında metronu tərk edərək qırmızı xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar. “Həzi Aslanov” istiqamətindən gələn sərnişinlər isə “28 May” stansiyasında metronu tərk edərək yaşıl xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar", - məlumatda deyilir.
İçərişəhər–28 May–Həzi Aslanov xətti üzrə qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və bu istiqamətdə heç bir məhdudiyyət gözlənilmir. Əksinə, bu marşrutda intervalların daha da qısaldılması və xidmətin daha stabil həyata keçirilməsi planlaşdırılır.
Birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 10-11 ay davam edəcəyi proqnozlaşdırılır.