Dələduzluqla aldı, söz verdi, qaçdı: Sahibkarın 250 minlik ədalət axtarışı- ŞİKAYƏT

Bakı sakini Bilal Hacıyev ona qarşı dələduzluq edən iki qardaş Zaur Kərimov və Samid Kərimovdan barəsində ona olan borcun qaytarılması ilə bağlı qərarın olmasına baxmayaraq hələ də azadlıqda gəzməsindən şikayətçidir. Bu barədə o özü anews.az-a bildirib.
Onun sözlərinə görə, Bakı şəhər Yasamal rayon məhkəməsi Bilal Hacıyevin şikayətinə baxıb.
"Məhkəmə vaxtı Zaur Kərimov mənə olan borcunu təsdiqləyib və qaytaracağına söz verib. Məhkəmə borcun qaytarılması barədə qərar çıxarıb. Amma üstündən uzun müddət keçsə də Zaur Kərimov məhkəmə qərarını icra etməyib və bu səbəbdən axtarışa verilib", - Hacıyev bildirib.
O, həmçinin borcun armatur zavoduna şərik olmaq istəməsi ilə bağlı yarandığını söyləyib.
"Bizim həmin şəxslə müxtəlif vaxtlarda ticarət əlaqələrimiz olub. Sonuncu dəfə 2016-cı ildə ona Suraxanı armatur zavoduna şərik olmaqla bağlı 27300 dollar məbləğində pul vermişəm. Ancaq zavoddan heç bir gəlir almamışam. Verdiyim pulu da qaytarmırlar", - şikayətçi bildirib.
Bilal Hacıyev əlavə edib ki, Zaur Kərimovun ailə üzvü Dövlət Təhlükəsizlik Xidmətində çalışır və qaynatasının axtarışda olduğunu bilə-bilə bu barədə hüquq mühafizə orqanlarına məlumat vermir.
"Həmin şəxsin mənə pul borcu var. Bu şəxs mülki axtarışda olsa da,qohumunun evinə gəlib gedirdi. Əməkdaş bunu bilsə də, polisə məlumat verməyib. Bununla bağlı DTX-ya müraciət etmişəm. Şəxsin cəzalandırılmasını tələb etmişəm",- şikayətçi əlavə edib.
Onun tərəfindən təqdim olunan Bakı Apellyasiya Məhkəməsinin qərarına görə, Zaur və Samid Kərimovlar Yasamal rayon məhkəməsinin qərarından Bakı Appelyasiya məhkəməsinə şikayət edib. Məhkəmə Samid Kərimovun şikayətini təmin etsə də Zaur Kərimovun borcu bağlaması barədə qərar verilib.
Bilal Hacıyevin onu da bildirib ki, bu qərarla bağlı mülki öhdəliyin yerinə yetirilməsindən yayındığı üçün Zaur Kərimov saxlanılıb və barəsində 20 günlük inzibati həbs tədbiri görülüb.
"Zaur Kərimov borcu qaytaracağına söz verdiyi üçün polis tərəfindən azadlığa buraxılıb. Lakin Zaur Kərimov mənə bir qəpik də olsun pul qaytarmayıb. Azadlıqda gəzir və polis orqanları bunu biləbilə onu həbs etmir", - Hacıyev deyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan da, Zaur Kərimovun işinə xitam verildiyi bildirilib.
"Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, mülki öhdəliyin yerinə yetirilməsindən yayındığı üçün həmin şəxs barəsində açılmış axtarış işi ötən il təmin edildiyinə görə işə xitam verilib", - regional qrupun açıqlamasında deyilir.
N.Təbrizli
Aytac Zeynalova