Elgün İbrahimovun ölümü ilə bağlı istintaq gedir– anası intihar versiyasını təkzib edir

Gəncədə döyülərək öldürülməsi ehtimal olunan 17 yaşlı Elgün İbrahimovun anası Fizzə Zeynalova oğlunun ölümünün intihar olmadığını bildirib və istintaqın prokurorluq tərəfindən ciddi şəkildə aparıldığını qeyd edib.
Zeynalova "Teleqraf"a açıqlamasında ekspertiza nəticələrinin gözlənildiyini və hüquq-mühafizə orqanlarının işi hərtərəfli araşdırdığını bildirib. O, sosial şəbəkələrdə yayılan intihar iddialarını rədd edib.
“Hadisədən bir gün əvvəl Elgün son zəng tədbirinə hazırlaşırdı, rəqsə getmək istəyirdi. Onun hər hansı problemi olsaydı, mənimlə bölüşərdi. Yayılan görüntüləri yəqin ki, izləmisiniz. Onu döyüb öldürüblər”, – Zeynalova vurğulayıb.
Elgün İbrahimov Azərbaycan Texnologiya Universitetinə məxsus istifadəsiz yataqxananın qarşısında ağır vəziyyətdə tapılıb. Onun iniltilərini yaxınlıqdakı peşə məktəbinin gözətçisi eşidib və dərhal polisə xəbər verib. Xəstəxanaya yerləşdirilən gənc bir gün sonra vəfat edib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam edir.
DIN mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Anews.az-a açıqlamasnda bildirib ki, hadisə ilə bağlı istintaq gedir.
Son xəbərlər
Daha çox 