Bakıda 41 qızıl külçəsini keçirmək istəyən sabiq gömrükçü mühakimə olunur

Bakının Ağır Cinayətlər Məhkəməsində 41 ədəd qızıl külçəsinin Azərbaycana qaçaqmal yolu ilə gətirilməsinə cəhd göstərilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
İttihama görə, keçmiş Dövlət Gömrük Komitəsinin əməkdaşı Afsər Mirzəliyev və Səfər Səfərov əvvəlcədən razılaşdırılmış sxem üzrə 22 dekabr 2024-cü ildə İstanbul–Bakı reysi ilə 3 kiloqramdan çox, dəyəri 461 min manat olan qızılı ölkəyə keçirmək istəyiblər.
Səfərovun gömrük nəzarətindən yayınaraq hava limanının sanitar qovşağında qızıl dolu bağlamanı zibil qabına atdığı müəyyən edilib.
Məhkəmədə hər iki təqsirləndirilən şəxs özlərini günahkar saymadıqlarını bildiriblər.
Gömrük əməkdaşları və digər şahidlər ifadə veriblər.
Onlardan biri bildirib ki, radio vasitəsilə göstəriş alaraq sanitar otaqdakı zibil qabını yoxlayıb və orada qara bağlama tapıb. Digər şahidlər qızılın daşınmasından xəbərləri olmadığını deyib.
İş üzrə növbəti iclas iyunun 3-ə təyin olunub.
Səfərov “qrup halında qaçaqmalçılıq” maddəsi ilə, Mirzəliyev isə eyni zamanda “vəzifədən sui-istifadə etməklə qaçaqmalçılıq” maddələri ilə ittiham olunur.
Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
N.Təbrizli