Kazino ilə bağlı qanun ilk oxunuşda təsdiq edilib

Azərbaycanda süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə icazə veriləcək.
Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, qanuna yeni fəsil əlavə olunur, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılır.
Beləliklə, süni torpaq sahələrində Azərbaycanın normativ hüquqi aktları ilə qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər. O cümlədən, kazino oyanları yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tələblərinə cavab verən yerlərdə keçirilə bilər.
Kazino oyunlarının keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Oyunları yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs təşkil edə bilər.
21 yaşına qədər şəxslərin kazino oyunlarında birbaşa və yaxud dolayı iştirakına yol verilmir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Son xəbərlər
Daha çox 