Yekaterinburqda öldürülənlərin meyitləri bazar ertəsi Azərbaycana yola salınacaq -Yenilənib

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri iyunun 30-da Azərbaycana yola salınacaq.
"Report"un məlumatına görə, hazırda cənazələrin ailələrinə təhvil verilməsi üçün iş aparılır.
15:50
Maskalı şəxslərin evimizə hücumu zamanı saxlanılan əmilərimin ikisi qətlə yetirilib, 4 nəfər isə sağdır.Bunu Oxu.Az-a açıqlamasında hadisə zamanı saxlanılan Ayaz Səfərovun oğlu Ramil Səfərov deyib.
O bildirib ki, hadisə nəticəsində iki nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 4 nəfər isə işgəncə altındadır:
"İki əmimi öldürüblər, 4 əmim isə polisdə işgəncə altındadır. Əmilərimin birini o qədər döyüblər ki, öldü bilib morqa aparıblar. Bizə dedilər ki, Ziyəddin və Hüseyn əmimlə yanaşı, Kamal əmimi də öldürüblər. İndi xəbər gəldi ki, Kamal əmim hələ ölməyib, xəstəxanadadır. Kamal əmim ürəyindən əməliyyat olunmuşdu, ürəyində stendlər var. Onu nəfəsi kəsilənə qədər döyüblər, elə biliblər öldü. Amma indi bizə məlumat gəldi ki, hələ sağdır.
Hazırda atam Ayaz, əmilərim Məzahir, Kamal, Bakir həbsdədir. Onlar işgəncə altındadırlar".
Ramil Səfərov bildirib ki, saxlanılanlar barədə onlara heç bir məlumat vermirlər:
"Dünən səhər saat 7-də aparıblar. Dünən neçə dəfə getmişik polisə, dedilər ki, burada yoxdurlar. Vəkillə getdik, yenə dedilər ki, burada yoxdurlar. Əmim oğlanları sərbəst buraxılandan sonra bildik ki, onları polis idarəsinin 5-ci mərtəbəsində saxlayıb, işgəncə verirlərmiş, amma bizi deyirlər ki, burada yoxdurlar".
***
İyunun 27-si səhər saat 5-də yatdığımız yerdə evimizin qapısını qırıb, maskalı şəxslər mənzilə hücum etdilər.Bunu Oxu.Az-a açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində hücuma məruz qalan Səfərovlar ailəsinin üzvü Məhəmməd Səfərov deyib.
O bildirib ki, maskalı şəxslər xüsusi hazırlanmış dəmir alətlə mənzilin qapısını qırıblar:
"Birinci qapı döyüldü. Anam dedi ki, sahə müvəkkilidir. Yerimdən durub qapıya yaxınlaşdım, gözlükdən baxanda gördüm ki, qapıda 20-yə yaxın maskalı şəxs var. Dedilər ki, üçə qədər sayırıq, qapını açmasanız, qıracağıq. Mən qapını açmağa macal tapmamış, qapını qırıb evə daxil oldular. İçəri girən kimi hamımızı uzatdılar yerə, çıxdılar belimizə. Bellərindən dəmirli kəmərləri açıb başladılar bizi döyməyə. Məni, qardaşımı və atamı lüt soyundurdular, başladılar həmin kəmərlərlə bizi vəhşicəsinə döyməyə. Heç kimə heç nə demirdilər. 40 dəqiqə bizi evdə vəhşicəsinə döydülər. Sonra üçümüzü də yerlə sürüyə-sürüyə gətirib "QAZel" markalı mikroavtobusda ayaq altına atdılar. Sürüyəndə ayağım burxuldu, dedim ki, yeriyə bilmirəm. Başladılar yenə döyməyə ki, ayağa qalxmalısan, yoxsa öldürəcəyik. Üçümüzün də boynundan basıb sürüyə-sürüyə atdılar maşına. Sonra yenə "QAZel"də yerə yıxıb çıxdılar üstümüzə. Bizi maşında döyə-döyə apardılar polis idarəsinə. Qardaşımla məni bir kameraya saldılar, atamı ayrı kameraya. Kameraya salan kimi başladılar bədənimizə elektrik cərəyanı verməyə. Elektrik cərəyanı verirdilər, döyürdülər, işgəncə verirdilər. Deyirdilər ki, Paşayevi tanıyırsınızmı? 2001-ci ildən danışırdılar. Başqa heç nə demirdilər. Elə ancaq onu soruşub döyürdülər. Dedim ki, mən 1997-ci il təvəllüdəm, 2001-ci ildə mənim 4 yaşım olub. Dedilər ki, yəqin atandan eşidərsən, boynuna al".
R.Səfərov deyir ki, polis idarəsində onlara deyiblər ki, ya döyüb öldürəcəklər, ya da könüllü formada Ukrayna döyüşlərinə göndərəcəklər:
"Dedilər ki, ya sizi döyə-döyə öldürəcəyik, ya da Ukraynaya müharibəyə göndəririk. Mən bildirdim ki, 2018-ci ildə Rusiya vətəndaşı kimi hərbi xidmətdə olmuşam. Dedilər ki, fərqi yoxdur. Sonra yenidən başladılar bədənimizə elektrik cərəyanı verməyə.
Sonra məni qardaşımdan ayırıb, dəhlizdə uzandırdılar. Dəhlizdən keçən hər kəs məni vurub üstümdən keçirdi. Başıma, bədənimə, qarnıma təpiklə vurub keçirdilər.
Sonda məni ayağa qaldırıb dedilər ki, qol çək, səni Ukrayna döyüşlərinə göndəririk, ya orada öləcəksən, ya da polis bölməsində döyəcəyik. Sənədləşmə aparırdılar ki, məni və qardaşımı Ukrayna döyüşünə göndərsinlər. Elə bu vaxt Azərbaycanın Yekaterinburqdakı Diasporunun sədri Şahin Şıxlinski gəlib, bizi onların əlindən aldı. Yoxsa bizə qol çəkdirib Ukrayna müharibəsinə göndərəcəkdilər. Şahin müəllim danışıqlar aparıb məni və qardaşımı azad etdi. Hazırda yeriməyə çətinlik çəkirəm".
13:33
Sabah Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək.Bu barədə “Report” xəbər verir.
Proses yerli vaxtla saat 11:00-a təyin olunub.
Bildirilib ki, FTX-nin Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 13 nəfər saxlanılıb, onlardan ikisi 2001-ci ildə 4-5 yaşda olması əsas gətirilərək sərbəst buraxılıb.
Səfərovlar ailəsinə qarşı əməliyyat keçirilməsinə səbəb kimi 2001-ci ildə törədilmiş cinayət işi göstərilir. Rusiya Regional İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb. İstintaq sirri olduğundan indiki mərhələdə ətraflı məlumatın açıqlanmadığı vurğulanıb.
***
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.
Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”.
23:50
Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib, iki nəfər öldürülüb.
APA-nın məlumatına görə, əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilib.
Bu gün səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib.
FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb,döyülmə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.
Rusiyanın e1.ru saytı saxlanılanların 50 nəfərdən çox olduğunu yazıb.Saxlanılanlar Lenin küçəsi 17 üvanında yerləşən polis idarərinə aparılıblar.
Rusiyanın rəsmi orqanları hələlik hadisə barədə açıqlama verməyib.
***
Bu gün Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Bakir və Hüseyn Səfərovların evinə basqın edib.Bu barədə APA-ya Səfərovların qardaşı Seyfəddin Hüseynli məlumat verib.
Onun sözlərinə görə, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə kütləvi həbslər başlayıb.
"İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər",- deyə Seyfəddin Hüseynli bildirib.