Fransa nüvə tullantılarını Azərbaycanın sərhədinə yaxın ərazilərə daşıyır

“Environmental Protection First (EPF)” Koalisiyası Fransanın urantərkibli radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirdiyini bildirərək bunu Azərbaycana qarşı “ekoloji müharibə” adlandırıb.
Fransa mediası Courrier France 24-ün araşdırmasına istinad edən bəyanatda qeyd olunur ki, tullantıların daşınmasına 2025-ci ilin iyun ayında başlanılıb və onların bir hissəsi artıq Göyçə gölünün yaxınlığında yerləşən Dilican Milli Parkının ərazisinə yerləşdirilib.
Bu park Ağstafa çayı hövzəsindədir və çayın suları Kürə axır, bu isə Azərbaycanın Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında ekoloji təhlükə yaradır.
EPF bildirir ki, tullantıların Ermənistana daşınması Fransa prezidenti Emmanuel Makron ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 2025-ci ilin fevralında Parisdə baş tutan görüşdə razılaşdırılıb.
Bəyanatda deyilir ki, ardınca “Orano” şirkəti Paşinyanın həyat yoldaşının rəhbərlik etdiyi “Mənim Addımım” Fonduna şübhəli ianələr edib.
Koalisiya tullantıların seysmik cəhətdən aktiv bölgədə yerləşdirilməsini xüsusi təhlükə kimi qiymətləndirərək, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) və digər beynəlxalq qurumları müdaxiləyə çağırıb.
EPF həmçinin Ermənistanın ekoloji təşkilatlarını bu “ekoloji terror”a qarşı çıxmağa səsləyib və Azərbaycanın QHT-ləri ilə birgə sərhədyanı ərazilərdə monitorinq aparılmasına şərait yaradılmasını tələb edib.
N.Təbrizli