Rusiya 2 Azərbaycan şirkətinin məhsullarına qadağa qoyub - Şirkətdən açıqlama

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət Xidməti – “Rosselxoznadzor” 2025-ci il iyulun 11-dən etibarən Azərbaycanın “ALLBUY” MMC və “MILK PRODUCTS” MMC şirkətləri tərəfindən istehsal edilən bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq edildiyini açıqlayıb.
Agentliyin məlumatına görə, bu qərar Azərbaycan tərəfinin adıçəkilən müəssisələrdə yoxlama aparılmasına icazə verməkdən imtina etməsi və həmin şirkətlərin məhsullarının gələcəkdə Rusiyaya tədarükündə maraqlı olmaması ilə əsaslandırılıb.
Rusiya tərəfi, həmçinin Azərbaycanla əməkdaşlıq çərçivəsində bu və digər süd məhsulları istehsal edən beş müəssisənin yaxın gələcəkdə yoxlanılması ilə bağlı sorğu göndərdiyini, lakin lazımi razılığın alınmadığını vurğulayıb.
“ALLBUY” MMC anews.az-a bildirilib ki, Rusiya tərəfindən məhsulların ixrac olunmsının qadağası ilə bağlı hər hansı bildiriş almayıblar.
"İxrac prosesi şirkətin öz istəyi ilə deyil, müəyyən iqtisadi çətinliklər səbəbilə müvəqqəti olaraq dayandırılıb. Sonuncu dəfə fevralda ixrac həyata keçirmişik. Bundan sonra maliyyə səbəblərinə görə ixracı dayandırmışıq. Hazırda Rusiya tərəfindən məhsul satışı ilə bağlı hər hansı bir rəsmi qadağa və ya bildiriş almamışıq”, – şirkət rəsmisi qeyd edib.
Şirkət rəsmisinin sözlərinə görə, “Rosselxoznadzor” (Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidməti) ötən həftə şirkətə yerində yoxlama üçün müraciət edib və bu proseslə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) da məlumatlandırılıb.
Şirkət nümayəndəsi əlavə edib ki, ixracın rəsmi şəkildə qadağan edilmədiyini sübut edən heç bir bildiriş və ya sənəd təqdim edilməyib və hal-hazırda məhsulların Rusiyaya ixracına hüquqi baxımdan maneə yoxdur.
Azərbaycan Qida Təhküsəziliyi Agentliyi məsələyə dərhal cavab verməyib.
Rusiya tərəfi iddia edir ki, 2024-cü ildə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət Xidmətnin mütəxəssisləri Azərbaycanın süd istehsalı ilə məşğul olan müəssisələrində yoxlamalar həyata keçirib.
Hazırda “Rosselxoznadzor” tərəfindən bəzi Azərbaycan süd məhsulu istehsalçılarına qarşı tətbiq edilən məhdudiyyətlərin səbəbi kimi, Rusiyanın standartlarına uyğunluğun yoxlanılması üçün icazə verilməməsi göstərilir. İki ölkə arasında bu istiqamətdə texniki danışıqların davam etdiyi bildirilir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 