Rus və Azərbaycan bölməsi arasında fərq – əhalinin coğrafiyası ilə bağlıdır

Rus bölməsi üzrə yüksək nəticələrə səbəb şəhərlərdə daha güclü dil mühiti və müəllim çatımlılığıdır. Bu barədə DİM rəhbəri Məleykə Abbaszadə bildirib.
“Bu, təkcə dil məsələsi deyil. Bu, həm də şəhər və kənd məktəbləri arasında olan resurs fərqidir,” – Abbaszadə bildirib.
Dövlət hesablı yerlərin bölgüsü də bu fərqi təsdiqləyir: dövlət sifarişi üzrə qəbulun 85-92%-i Azərbaycan bölməsi məzunlarının payına düşür.
“Məktəbim” platformasında bütün nəticələr ictimai izlənə bilər
Məleykə Abbaszadə bildirib ki, “Məktəbim” elektron platformasında 1992-ci ildən bəri bütün məktəblər üzrə nəticələr, imtahan statistikası və şagirdlərin performansı ictimaiyyət üçün açıqdır.
“Biz bu məlumatları rayonlara, məktəblərə göndəririk. İctimaiyyət bu datalarla maraqlanmalıdır,” – o əlavə edib.
Əsas faktor müəllim keyfiyyətidir – məktəbin taleyi auditoriyada həll olunur
“Məktəbdə qiymətlərin düzgün verilməməsi, müəllimlərin aşağı səviyyəsi və daxili qiymətləndirmənin formallığı nəticə etibarilə ümumi təhsilin keyfiyyətinə zərbə vurur,” – Abbaszadə bildirib.
Onun sözlərinə görə, müəllimlərin bilik səviyyəsi, şagirdə ötürə bildiyi informasiya ilə düz mütənasibdir.
Təhsil prosesinin 90%-i auditoriyada gedir və bu prosesi idarə edən müəllimin özü həlledici faktordur.
“Əgər müəllim zəifdirsə, internet resursları belə uşağa istədiyi nəticəni verməyəcək. Uşaq müəlliminə baxaraq öyrənməlidir. Ona görə müəllim faktoru dəyişilməzdir,” – Abbaszadə yekunlaşdırıb.
N.Təbrizli
Son xəbərlər
Daha çox 