Sumqayıtda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib

Sumqayıtda yaşayış binasında yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayonda mənzildə yanğın olması barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Oxu.az-ın məlumatına görə, Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı vətəndaşlar təxliyə olunurlar.
Hazırda 21 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə gətirilib. Onların arasında böyüklərlə yanaşı, azyaşlılar və hamilə qadın da var.
İlkin ehtimala görə, yanğın zamanı 3 mənzil yanıb.
***
Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan ikiotaqlı mənzilin yanar kostruksiyaları 40 kv.m. sahədə yanıb.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.