Müəllimlərin işə qəbulu üzrə imtahan nəticələri və apellyasiya qərarları açıqlanıb

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə keçirilən test imtahanlarının nəticələri və apellyasiya müraciətləri ilə bağlı məlumatlar açıqlanıb.
Bu barədə Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən məlumat verilib.
İyulun 3, 4 və 8-10 tarixlərində təşkil olunan test imtahanlarının nəticələri namizədlərin şəxsi kabinetlərinə göndərilib. Ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumilikdə 40 və daha yüksək bal toplayan namizədlər vakant yerlərin seçimi mərhələsinə keçiblər.
Apellyasiya müraciətləri əsasında bəzi fənlər üzrə suallar yenidən ekspertiza edilib.
Texnologiya və təsviri incəsənət fənləri üzrə texniki və məzmun baxımından uyğunsuzluqlar müəyyən edilib. Məsələn, texnologiya fənni üzrə Azərbaycan və rus bölməsində bir sualda şərt uyğunsuzluğu, rus bölməsində isə iki düzgün cavab variantı qeydə alınıb.
Təsviri incəsənət fənni üzrə isə hər iki bölmədə bir sualın cavab variantlarında problem aşkar edilib. Sözügedən uyğunsuzluqlarla bağlı test nəticələri yenidən hesablanıb. Doğru cavabı əvvəlcədən seçmiş namizədlərin nəticələri dəyişməyib. Səhv və ya cavabsız buraxılmış suallar isə iştirakçıların xeyrinə nəzərə alınıb.
Gülnar