Bakı məktəbində direktorla bağlı iddialara araşdırma aparılacaq

Bakı şəhərində yerləşən 171 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı və yayılan səs yazısı ilə bağlı araşdırma aparılacaq. Bu barədə “Azərbaycan müəllimi” nəşrinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat verib.
İdarədən bildirilib ki, məktəbin pedaqoji heyəti hazırda məzuniyyətdə olduğu üçün araşdırma məzuniyyət başa çatdıqdan sonra həyata keçiriləcək.
BŞTİ qeyd edib ki, təhsil müəssisələrində neqativ halların baş verməsi yolverilməzdir və məktəblərdə sağlam iş mühitinin təmin olunması əsas prioritetlərdəndir. Uyğunsuz hallarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.