Bakıda karaoke klubunun fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb

Fövqəladə Hallar Nazirliyi Nərimanov rayonunda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.
Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ev 103 C ünvanında yerləşən “İcon-karaoke” klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olması barədə müvafiq sənədlər mövcud deyil;
- obyektin elektrik təsərrüfatına və elektrik qurğularına profilaktiki baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;
- obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;
- obyekt havadəyişmə ventilyasiya qurğusu ilə təmin olunmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;
- obyektdə layihədən kənar taxta materiallardan istifadə olunmaqla arakəsmə otaqlar quraşdırılıb;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, ev 103 C ünvanında yerləşən “İcon-karaoke” klubunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib