ışıq

Son bir ayda işığın davamlı olaraq sönməsi ilə bağlı müxtəlif müraciətlər daxil olur. Fərqli-fərqli ərazilərdə hər gün işığın kəsildiyini insanlar sosial şəbəkə hesablarında yazırlar.
Şikayətçi Fəridə Abdulla bildirir ki, iyulda az qala hər axşam işıqları sönür.
"İstidə oturmaqdan bezdik. Avqust da gəldi, bu problemi həll etmədilər. Bütün Biləcəri qaranlığa qərq olub. Bu nə vaxta kimi belə olacaq? Evdəki texnika xarab olsa kompensasiya verəcəksiniz?",- Abdulla bildirib.
Xocahəsən sakini Tural Əlisoy isə bütün qəsəbənin bu gündə olduğunu söyləyir.
"Xocəsəndə də belədir. Mən maşınımı enerji yığmağa qoya bilmirəm, işığın gücü çatmır. Rəsmi məktub yazdım, hələ də cavab verməyiblər. 2025-ci ildə belə şeylərin olması sadəcə yeyintidən başqa bir şey deyil",- Əlisoy vurğulayıb.
Vətəndaş Tamira İbrahimdə Pirşağıda hazırda işığın olmamasından şikayətçidir.
"Dünəndən 4-5 dəfə söndürüblər. İyulda da 3-4 gündən bir sönürdü. Çaydan və mikrodalğalı sobamız da yanıb",- o bildirib
Milli Məclisin deputatı Razi Nurullayev bildirir ki, işıq, su kimi sosial problemlər ciddi narahatlıq yaradır.
"İşıqların sönməsi ilə bağlı adiyyatı qurumlar addım atmağa çalışırlar. Amma nəticə çox zəifdir. İnsanlar narazıdır. Ümumiyyətlə Azərbaycanda elektrik şəbəkələri yenidən qurulub. Ölkəmiz elektrik enerjisini artıq ixrac edir. Elektrik enerjisi ilə bağlı ölkə olaraq problemimiz yoxdur. İşıqların sönməsi ilə bağlı problemin yaranması köhnə işıq xətləri, transformatorlardır. Onlar yenilənməlidir. İsti də düşüb. Hər kəs evində soyuducu, kondisioner, sərinkeşdən istifadə edir. Yəqin bu da elektrik kabellərini sıradan çıxarır. Mən Novxanıda yaşayıram, burada da işıqlar gün ərzində bir neçə dəfə keçir. Yəqin ki xətlər yüklənir. Qurum həll etməyə çalışır. O baxımdan müəyyən zaman lazımdır ki, köhnə xətlərin hamısı yenilənsin",- deputat bildirib.
Məsələ ilə bağlı "Azərişıq" ASC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.
Son xəbərlər
Daha çox 