LINKS Europe Cənubi Qafqazda mina təhlükəsinə qarşı yeni kampaniyaya başlayır

LINKS Europe qeyri-kommersiya təşkilatı 2025-ci ilin sonuna qədər “Minalardan azad Cənubi Qafqaz” adlı kampaniyanın yeni – dördüncü mərhələsinə start verib. Təşəbbüs Ermənistan, Azərbaycan və Gürcüstanı əhatə edir və beş dildə – azərbaycan, erməni, gürcü, rus və ingilis dillərində həyata keçiriləcək.
Təşkilatın verdiyi məlumata görə, üç ay yarım davam edəcək kampaniya mina partlayışlarının insanlara və iqtisadiyyata vurduğu zərərlərə diqqət çəkəcək. Kampaniya 1 sentyabr tarixində informasiya mərhələsi ilə başlayır və 15 dekabra qədər davam edəcək. Bu müddətdə media fəaliyyəti, sosial kampaniyalar, ictimai görüşlər və qurbanlara dəstək tədbirləri nəzərdə tutulur.
30 noyabr ənənəvi olaraq mina qurbanları ilə həmrəylik günü kimi qeyd olunacaq.
ISW bildirir ki, 2018–2024-cü illərdə təşkilat mina təhlükəsi ilə bağlı fəaliyyətini “çətin siyasi şəraitdə” aparıb. Buna baxmayaraq, LINKS Europe bölgədə mina təmizlənməsini siyasi olmayan, regional əməkdaşlıq elementi kimi təqdim etməyə çalışır.
Təşkilat qeyd edir ki, hər təhlükəsizləşdirilmiş sahə, hər açılmış otlaq siyasi proseslərdən asılı olmayaraq insanların həyatını yaxşılaşdırır. Bu səbəbdən təşəbbüsün məqsədi ictimai dəstək formalaşdırmaq, maarifləndirməni artırmaq və minaların zərərini real hekayələr üzərindən göstərməkdir.
Kampaniya Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında müsbət siqnalların artdığı bir dövrdə baş tutur. Təşkilat bunun mina təhlükəsinin azaldılması istiqamətində əməkdaşlıq üçün nadir fürsət ola biləcəyini qeyd edir.
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir.
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır.
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir.
Gülnar