“Biletim.az” portalı üzərindən onlayn bilet satışları iki dəfə artıb

Bu ilin səkkiz ayında “biletim.az” platforması vasitəsilə 513 min 95 bilet onlayn qaydada əldə olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artım deməkdir. Məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) açıqlayıb.
Agentliyin bildirdiyinə görə, qabaqcadan satışın xüsusi çəkisi ötən ilin eyni dövründə 18,6% təşkil edirdisə, bu il bu rəqəm 33,2%-ə yüksəlib. Artım sərnişinlərin onlayn bilet alışına üstünlük verdiyini və bu sahəyə olan inamın artdığını göstərir.
Hazırda “biletim.az” portalı vasitəsilə 53 şəhər və rayona, 84 istiqamət üzrə bilet almaq mümkündür. Sistemdə 336 reys üzrə 382 nəqliyyat vasitəsi inteqrasiya olunub. Onlayn satış sisteminin mərhələli şəkildə ölkədə fəaliyyət göstərən bütün daşıyıcıları və avtovağzalları əhatə etməsi planlaşdırılır.
AYNA vətəndaşlara səfərləri üçün onlayn bilet sistemindən istifadə etməyi və “biletim.az” platforması üzərindən təhlükəsiz və rahat səyahəti tövsiyə edib.
İşğaldan azad olunmuş ərazilərə səfər zamanı Azərbaycan vətəndaşlarına portaldan bilet alarkən buraxılış icazəsi avtomatik şəkildə təqdim olunur.
Gülnar
Son xəbərlər
Daha çox 