Bakıda yük maşını körpüdən avtomobillərin üzərinə aşıb, ölən və yaralananlar var - Yenilənib

Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, avtoqəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarədən verilən məlumata görə, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, sentyabrın 6-da saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) tibb müəssisəsinə hospitalizasiya olunur.
1 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.