Bakıda Süni İntellekt Akademiyası açılıb

Sentyabrın 8-də Bakıda Süni İntellekt Akademiyasının (AI Academy) rəsmi açılış mərasimi keçirilib. Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.
AZCON Holding-in dəstəyi ilə fəaliyyətə başlayan akademiya 2025–2028-ci illəri əhatə edən süni intellekt strategiyası çərçivəsində yaradılıb. Məqsəd ölkədə süni intellekt sahəsində mütəxəssislər hazırlamaq və rəqəmsal transformasiyanı sürətləndirməkdir.
Tədris proqramları beynəlxalq standartlara əsaslanır və tam təqaüdlüdür. Akademiya MIT, Stanford və digər nüfuzlu universitetlərlə əməkdaşlıq edir.
Tədbirdə 10 milyard token üzərində öyrədilmiş süni intellekt dil modeli prototipi də təqdim olunub. Layihə Azərbaycanın süni intellekt sahəsində milli potensialını nümayiş etdirir.