AYNA yeni tədris ilinə hazırlıq çərçivəsində avtobusların sayını artırır

Yeni tədris mövsümünün başlanması ilə əlaqədar Bakı və ətraf ərazilərdə sərnişindaşıma imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xəttə buraxılan avtobusların sayı artırılır. Bu barədə AYNA-dan məlumat verilib.
Rəsmi məlumata əsasən, hazırda paytaxtda istismarda olan 2 200 avtobusun sayının 2 300-dən çoxa çatdırılması planlaşdırılır. Bu məqsədlə daşıyıcılarla görüşlər keçirilib və xətt üzrə avtobus sayı ilə bağlı tapşırıqlar verilib.
Bu il ərzində 10 marşrut yenilənib, 150-yə yaxın ekoloji təmiz (elektrik və sıxılmış təbii qazla işləyən) avtobus istifadəyə verilib. Yenilənmə Sumqayıt və Abşeron ərazilərini də əhatə edib. Yaxın günlərdə əlavə 200 müasir avtobusun da Bakı marşrutlarına qoşulacağı bildirilib.
Avtobusların hərəkətini sürətləndirmək üçün 40-dan çox küçə və prospektdə ümumilikdə 112 km uzunluğunda xüsusi hərəkət zolaqları yaradılıb. AYNA-ya görə, bu zolaqlarla hər gün 1 milyona yaxın sərnişin daşınır, bəzi marşrutlarda gediş vaxtı 12–22 dəqiqəyə qədər azalıb.
Agentlik bildirir ki, avtobus parkının yenilənməsi və marşrutların genişləndirilməsi ictimai nəqliyyata əlçatanlığın və xidmət keyfiyyətinin artırılmasına yönəlib.