Bələdiyyələrin xəritələri olmadan vergi və maliyyə məsələləri çətinləşir - Sədr

Bələdiyyələrin sərhədlərinin dəqiq xəritələrlə müəyyənləşdirilməsi vacibdir. Bunu Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümmət Hüseynov bildirib.
Onun sözlərinə görə, bu məsələ xüsusilə Bakıdakı qəsəbələrdə hələ də öz həllini tapmayıb.
"İki qəsəbənin sərhədləri müəyyən edilmədən vergi yığımı və maliyyə planlaşdırması mümkün deyil. Biz aidiyyəti qurumlar qarşısında məsələ qaldırmışıq, lakin xəritələrin təqdim olunması reallıqda baş vermir," – Hüseynov vurğulayıb.
O qeyd edib ki, vergi yığımı ərazi prinsipinə əsaslanır və bəzən ünvanlar başqa bələdiyyələrin ərazisində yerləşmiş kimi görünür.
“Bu isə xidmət göstərdiyimiz seçicilərlə bağlı uyğunsuzluq yaradır", - o bildirib.
Gülnar Nazimqızı