Azərbaycanda bank kartları ilə bağlı dələduzluq halları artır – DİN xəbərdarlıq edir

Azərbaycanda bank kartları vasitəsilə dələduzluq, saxta zənglər və şəxsi məlumatların ələ keçirilməsi cəhdləri artmaqda davam edir. Daxili İşlər Nazirliyi (DİN) əhaliyə bank kartları ilə bağlı ehtiyatlı olmağı tövsiyə edib və xəbərdarlıq yayıb.
DİN-in verdiyi məlumata görə, fırıldaqçılar adətən özlərini bank əməkdaşı kimi təqdim edərək vətəndaşlardan kart məlumatları, PIN-kod, CVV və SMS təsdiq kodlarını almağa çalışırlar. Nazirlik bildirir ki, bank əməkdaşları bu tip məlumatları heç vaxt müştəridən tələb etmir.
“Əgər kart hesabınızda şübhəli əməliyyatlar, icazəsiz çıxarışlar və ya pul köçürmələri müşahidə etmisinizsə, dərhal 102 Zəng Mərkəzinə məlumat verin. Hər hansı şübhəli zəng, mesaj və ya keçid (link) aldığınız zaman reaksiya verməyin, heç bir məlumat paylaşmayın və dərhal polisə müraciət edin,” – DİN-in açıqlamasında qeyd olunur.
Nazirlik vətəndaşlara kart əməliyyatlarını mütəmadi yoxlamağı, mobil tətbiqlərdə bildiriş funksiyasını aktiv saxlamağı, rəsmi olmayan keçidlərdən istifadə etməməyi və yalnız bankların rəsmi nömrələri ilə əlaqə saxlamağı tövsiyə edib.
Daxili İşlər Nazirliyinin son statistikasına görə, bu ilin ilk dörd ayı ərzində vətəndaşların kartından 6 milyon manatdan çox pul oğurlanıb.
2024-cü ildə kart fırıldaqçılığı nəticəsində vətəndaşlara 22 milyon manatdan çox zərər dəyib.
Gülnar Nazimqızı