Azərbaycan 160-dan çox ölkənin kibertəhlükəsizlik qurumları ilə əməkdaşlıq edir - Əli Nağıyev

Dövlət Təhlükəsizlik Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi son illərdə kibertəhlükəsizlik sahəsində 160-dan çox ölkənin cavabdeh qurumları və qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq əlaqələri qurub. Bunu Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev kiberfestival iştirakçılarına müraciətində qeyd edib.
O bildirib ki, dövlətlərin ictimai-siyasi sabitliyini və iqtisadi inkişafını hədəf alan kibertəhdidlər getdikcə daha mürəkkəb və məqsədyönlü xarakter alır, həmçinin transsərhəd imkanlarını sürətlə genişləndirir.
Nağıyev vurğulayıb ki, son illər baş verən kibertəhlükə hadisələri beynəlxalq hava limanları, enerji və su təchizatı, eləcə də maliyyə sistemlərinin iflic vəziyyətinə düşməsinə səbəb olub.
DTX-in Milli Kibertəhlükəsizlik Mərkəzi qlobal kiberməkanda Azərbaycanın milli maraqlarını qorumaq məqsədilə beynəlxalq əməkdaşlığı prioritet istiqamət kimi müəyyən edib. Qurum beynəlxalq təşkilatlar və texnoloji şirkətlərlə informasiya mübadiləsi və kibertəhdidlərə birgə cavab mexanizmləri üzrə əməkdaşlığı genişləndirir.
Azərbaycanda ikinci dəfə “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) kiberfestivalı keçirilir. Konfransda daxili işlər naziri Vilayət Eyvazov və bir sıra rəsmilər iştirak edir.
Gülnar Nazimqızı