Qarabağın 3 rayonunda iyirmi iki min vətəndaş məskunlaşıb

Qarabağın azad olunmasından sonra Xankəndi, Ağdərə və Xocalı rayonlarında artıq 22 minə yaxın şəxs məskunlaşıb. Bu barədə Xankəndidə keçirilən “Mənəvi dəyərlər” mövzusunda tədbirdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov məlumat verib.
Onların arasında keçmiş məcburi köçkünlərlə yanaşı, dövlət və özəl sektorda çalışanlar və onların ailə üzvləri də var.
Böyük Qayıdış proqramı çərçivəsində Xankəndinin Kərkicahan qəsəbəsi, Xocalının 11 kəndi və Ağdərənin 7 kəndində bərpa işləri aparılır. Bu mərhələdə 6 minədək keçmiş məcburi köçkünün məskunlaşdırılması nəzərdə tutulur.
Yusifovun sözlərinə görə, bölgədə yeni avtomobil və dəmir yolları, hava limanları, enerji və su təchizatı sistemləri qurulur. Təhsil, səhiyyə və mədəni irsin bərpası sahələrində də layihələr icra olunur. Hazırda ərazilər həm yerli, həm də beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir.
İndiyədək işğaldan azad olunmuş ərazilərə 65 milyon manatdan çox investisiya yatırılıb.
Hazırda Qarabağda Vətən müharibəsində əldə edilən Zəfərin beşinci ildönümünə həsr olunmuş “Mənəvi dəyərlər həftəsi” keçirilir. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti və digər qurumların birgə təşkilatçılığı ilə reallaşır. Layihənin məqsədi gənclər arasında milli kimlik və vətənpərvərlik şüurunun gücləndirilməsidir.
Aytac