2050-ci ilə qədər dünya əhalisinin çoxu şəhərlərdə yaşayacaq - BMT rəsmisi

2050-ci ilə qədər dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayacaq. Bunu BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Xankəndidə keçirilən III Azərbaycan Şəhərsalma Forumu (Azerbaijan Urban Forum – AZERBAIJANUF) çərçivəsində çıxışı zamanı bildirib.
Rossbax qeyd edib ki, şəhərsalma və iqlim dəyişikliyi məsələləri yaxın illərdə qlobal miqyasda əsas prioritetlərdən biri olacaq.
“Bu ilin noyabrın 11-də keçiriləcək 4-cü nazirlər toplantısında əsas müzakirə mövzuları da şəhərsalma ilə iqlim arasında əlaqələr olacaq,” – o bildirib.
UN-Habitat rəhbərinin sözlərinə görə, Xankəndidə keçirilən forum geniş debat platforması deyil, praktik həll yollarının və siyasət tövsiyələrinin müzakirəsinə yönəlib.
BMT-nin proqnozlarına əsasən, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 68 faizi şəhər ərazilərində yaşayacaq. Artan urbanizasiya iqlim dəyişikliyi, infrastrukturun davamlılığı və sosial bərabərlik kimi problemləri daha da aktuallaşdırır.
Azərbaycan hökuməti isə azad edilmiş ərazilərdə şəhərsalma və “ağıllı şəhər” modellərinin tətbiqi istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir.
Gülnar Nazimqızı