Milli Şəhər Forumları dayanıqlı şəhərlərin formalaşması üçün mühüm platformaya çevrilib - Anar Quliyev

Milli Şəhər Forumları dayanıqlı şəhərlərin formalaşması üçün mühüm platformaya çevrilib - Anar Quliyev
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) dəstəyi ilə yaradılan Milli Şəhər Forumları ölkədə dayanıqlı və inklüziv şəhər inkişafı üzrə dialoq, bilik mübadiləsi və əməkdaşlıq üçün mühüm platformaya çevrilib.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Quliyev bildirib ki, Azərbaycanın Milli Şəhər Forumu 2022-ci ildən etibarən təkcə tədbir deyil, həm də institusional əməkdaşlıq platformasına çevrilib.
2022-ci ildə keçirilən ilk forum hökumət, ekspertlər və beynəlxalq tərəfdaşlar arasında milli urban çərçivənin əsasını qoyub, 2023-cü ildəki ikinci forum isə tərəfdaşlıq və innovasiya istiqamətində əməkdaşlığı daha da gücləndirib.
Bu ilki forum “İqlimədavamlı və sağlam şəhərlərə doğru: Regional tərəfdaşlıqlar və innovativ həllərin tətbiqi” mövzusu altında keçirilir.
Tədbirdə 64 ölkədən 200-dən çox beynəlxalq nümayəndə və ümumilikdə 400 iştirakçı yer alır. 2022-ci ildə 45 ölkədən 400 nəfər, 2023-cü ildə isə 53 ölkədən 700 nəfərin qatıldığı forum bu il 1.250-dən çox iştirak müraciəti alıb.
Xankəndidə 400, Bakıda 17 oktyabrda isə 500 nəfərin iştirakı gözlənilir.
Tədbirdə təxminən 10 yeni ölkədən nümayəndələr, nazirlər, bələdiyyə rəhbərləri, beynəlxalq təşkilatların rəsmiləri, akademiklər və özəl sektor təmsilçiləri iştirak edir.
Quliyev bildirib ki, son illərdə Azərbaycan şəhərlərində müasir planlaşdırma, ekoloji yanaşma və innovativ infrastruktur tətbiq olunur.
2018-ci ildən bəri ölkə şəhərlərin Baş planlarının hazırlanması və yenilənməsi üzrə uzunmüddətli məkan inkişaf strategiyasını həyata keçirir.
"Qarabağ və Şərqi Zəngəzur bölgələrində urban və kənd əraziləri üçün genişmiqyaslı Baş planlar hazırlanıb və artıq köçkünlərin bərpa olunmuş şəhərlərə və kəndlərə qayıdışı başlayıb. “Daha yaxşı bərpa” prinsipi ilə həyata keçirilən bu proses təkcə fiziki yenidənqurma deyil, həm də sosial və iqtisadi həyatın dirçəldilməsi məqsədi daşıyır. Postmünaqişə inkişafını səmərəli idarə etmək üçün Azərbaycan Prezidentin xüsusi nümayəndələri institutunu yaradıb. Bu model idarəetmənin bütün səviyyələrində koordinasiyanı və inklüziv planlaşdırmanı təmin edir",- o bildirib.
Gülnar Nazimqızı