Lənkəranda yeni kanalizasiya sistemi tikiləcək - Rəsmi

Lənkəran şəhərində yeni kanalzasiya sisteminin qurulmasına 200 milyon vəsait ayrılacaq. Bu barədə şəhər icra başçısı Taleh Qaraşov anews.az-a müsahibəsində məlumat verib.
Qaraşovun sözlərinə görə, hazırda mövcud olan kanalizasiya sistemi təxminən 50 il əvvəl inşa olunub və şəhərin artan ehtiyaclarını qarşılamaq gücündə deyil.
“Yol kənarındakı xəndəklər kanalizasiya sistemi deyil. Bunlar əsasən yağış sularını daşımaq üçün nəzərdə tutulan qurğulardır, lakin hazırda anti-sanitariya mənbəyinə çevriliblər və yenidənqurulmasına ehtiyac var. Biz bunun üzərində də düşünürük,” – o deyib.
İcra başçısı bildirib ki, Dövlət Su Ehtiyatları Agentliyi yeni kanalzasiya sisteminin çəkilməsi üçün 200 milyon mana vəsait ayırıb.
"Maliyyələşdirmə hər il 50 milyon manat olmaqla 4 il ərzində mərhələli şəkildə həyata keçiriləcək. 2025-ci il oktyabrın 8-də tenderin qalibi müəyyən edilib və əticələri açıqlanıb. Tikinti işlərinə yaxın günlərdə başlanacaq. Yeraltı kanalzasiya sistemi 210 km uzunluğunda olacaq. Yeni sistem yalnız Lənkəran şəhərinin ehtiyaclarını qarşılayacaq", - icra başçısı bildirib.
Qaraşov onu da əlavə edib ki, layihənin bir hissəsi kimi Xəzər dənizində su təmizləyici qurğunun tikintisi də nəzərdə tutulub.
Bu qurğu kanalizasiya sularının müvafiq standartlara uyğun təmizlənməsini təmin edəcək.
Layihənin 2029-cu ilin dekabrına qədər tam başa çatdırılması planlaşdırılıb.
Gülnar Nazimqızı