Bakıda BakuBus avtobusu qəzaya uğrayıb, xəsarət alan yoxdur

Bu gün saat 10:51 radələrində Bakının Neftçilər prospektində, bulvar ərazisinə yaxın hissədə “BakuBus” MMC-yə məxsus 125 nömrəli marşrut avtobusu yol-nəqliyyat hadisəsi törədib. Şirkətin yaydığı məlumata görə, qəza zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
"BakuBus"un açıqlamasında bildirilir ki, hadisə avtobus sürücüsünün səhhətində qəfil narahatlıq yaranması səbəbindən baş verib. Sürücü nəqliyyat vasitəsini dayandırmağa çalışsa da, idarəetməni itirib və avtobus bulvar istiqamətinə yönəlib.
Qəza zamanı 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusda olan sərnişinlərə hər hansı tibbi yardım tələb olunmayıb. Sürücü üçün isə dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb.
TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) anews.az-a verdiyi məlumata əsasən, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə hadisə ilə bağlı hər hansı çağırış daxil olmayıb.