Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verib, Milli Məclisə göndərib
 
            Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında 2026-cı il dövlət büdcəsinin layihəsinə dair Rəy müzakirə olunub və təsdiqlənib.
Qurumdan verilən məlumata görə, Rəy dövlət büdcəsinin gəlir və xərclərinin, büdcə kəsirinin proqnoz göstəricilərinin və onların makroiqtisadi parametrlərə uyğunluğunun qiymətləndirilməsini əhatə edir.
Müzakirələr zamanı büdcə layihəsində əksini tapan əsas istiqamətlər, aparılmış təhlillər və irəli sürülmüş tövsiyələr nəzərdən keçirilib. İclasın yekununda Rəyin Milli Məclisə təqdim olunması qərara alınıb.
Eyni zamanda Kollegiyada “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinə dair rəylər də təsdiqlənərək parlamentə göndərilib.
 
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    