Sahil Babayev: Neftin qiyməti ilə bağlı ciddi problem gözləmirik
            Azərbaycan hökuməti neftin qiymət dinamikasını il ərzində beynəlxalq qiymətləndirmələrə əsasən izləyir və hazırda hər hansı riskli vəziyyət müşahidə olunmur. Bunu maliyyə naziri Sahil Babayev bildirib.
“Neftin qiyməti məsələsi ümumilikdə bir il boyu davam edən prosesdir. Bu dövr ərzində beynəlxalq qiymətləndirmələri nəzərə alırıq. Sentyabr ayınadək 22 qiymətləndirici təşkilatın ortalama qiyməti 65 dollar olub. Bu, ‘Brent’ markalı neftin qiymətidir,” — Babayev parlamentin büdcə müzakirələri zamanı deyib.
Nazirin sözlərinə görə, 2025-ci ilin doqquz ayı üzrə Azərbaycanın neft satış qiyməti 72 dollar səviyyəsində formalaşıb.
“İl ərzində olan dinamika önəmlidir. 9 aylıq satışlarımız 72 dollar üzərində olub. Hesab edirik ki, ciddi problemimiz yoxdur və yaxın dövrdə çətin çağırışlar gözləmirik", - nazir deyib. 
Azərbaycan dövlət büdcəsinin gəlirlərinin təxminən 40 faizdən çoxu neft və qaz sektorundan formalaşır. 2025-ci ilin büdcəsi hazırlanarkən hökumət Brent neftinin baza qiymətini 60–65 dollar səviyyəsində götürüb.
Gülnar Nazimqızı