• $ 1.7
  • € 1.9609
  • ₽ 0.021026
  • ₺ 0.0404
  • £ 2.2342

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
04.11.2025 22:11

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 4-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra təqsirləndirilən Ruben Vardanyanın hüquqlarını müdafiə edən yeni vəkili Emil Babışov məhkəməyə vəsatət təqdim edib.

Qeyd edib ki, ötən iclaslarda Ruben Vardanyan və həmin vaxt onun hüquqlarını müdafiə edən vəkili məhkəməyə bir sıra vəsatətlər təqdim ediblər. Məhkəmədə həmin vəsatətlərlə bağlı qəbul olunmuş qərarların çıxarışları tam şəkildə müdafiə tərəfinə təqdim edilməyib. Müdafiəçi sözügedən qərarların çıxarışlarının tam şəkildə müdafiə tərəfinə təqdim olunmasını məhkəmədən xahiş edib.

Ötən iclasda Ruben Vardanyana dövlət hesabına yeni vəkil təyin olunub. Həmin vaxtadək isə onun hüquqlarını özünün seçdiyi vəkil müdafiə edirdi. İki iclas əvvəl Ruben Vardanyan özünün seçdiyi vəkilindən imtina edib.

Hakim Zeynal Ağayev deyib ki, müdafiə tərəfinə indiyədək həmin çıxarışlar təqdim olunub və bundan sonra da onlar bu hüquqlarından istifadə edə biləcəklər.

Sonra Ruben Vardanyan növbəti vəsatətini təqdim edərək məhkəmə iclasına Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin dəvət olunmasını xahiş edib. Deyib ki, bu, ona qarşı irəli sürülən ittiham üzrə maddələrdən biri - Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə ilə bağlıdır.

Ruben Vardanyanın müdafiəçisi Emil Babışov da təqsirləndirilən şəxsin mövqeyini və vəsatətini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş edib.

Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev müdafiə tərəfinin vəsatətində kimin hansı səbəbdən dindirilməsini, həmin şəxsin şahid qismində hansı ifadəni verə biləcəyinin və bunun ifadənin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama nə kimi aidiyyətinin olmasını aydın göstərmədiyini, həmçinin Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının hazırkı iş üzrə qanunsuz sərhəd keçməyə dair ifadələrinə zərurət olmadığını deyib.

Bildirib ki, əgər təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini ittihamın əksinə olaraq qanuni şəkildə keçdiyini iddia edirsə və bunu sübut etmək istəyirsə, buna dair qanunlarda nəzərdə tutulmuş qaydalar var. Təqsirləndirilən şəxs Azərbaycanın ərazisinə qanuni şəkildə daxil olubsa, onun ümumvətəndaş pasportunda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin möhürü olmalıdır. Pasportunda həmin möhürü göstərməklə sübut edə bilər.

Vüsal Əliyev vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.

Məhkəmə tərəfləri dinləyərək qərar qəbul edib. Qərara əsasən vəsatət baxılmamış saxlanılıb.

Hakim Zeynal Ağayev, həmçinin deyib ki, həmin şəxsin barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumatlar təqdim edilərsə, bu məsələ müzakirəyə çıxarıla bilər.

Daha sonra hakim Z.Ağayev bildirib ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs məhkəməyə müraciət ünvanlayaraq üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər.

Tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etmədiklərini bildiriblər.

Ardınca Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət zamanı zərər çəkənlər ifadə veriblər.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Saqif Mikayılov bildirib ki, Xocalı rayonunun Əsgəran qəsəbəsi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində xəsarət alıb.

Zərərçəkmiş şəxs Aydın Qəribov ifadəsində qeyd edib ki, Şuşa rayonunun Xəlfəli kəndində düşmən tərəfindən açılmış atəşlər nəticəsində o, Ceyhun Şahnamazlı və Tərlan Cabbarov yaralanıblar.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Kənan Əbilov Xankəndi rayonunun adsız yüksəkliyində düşmənin odlu silahlardan açdığı atəşlər nəticəsində sol qolundan güllə yarası aldığını deyib.

Zərərçəkmiş şəxs Yusif Veysov ifadəsində bildirib ki, Xocalı rayonunun Çanaqçı kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin minaatandan atdıqları mərmilərdən birinin yaxınlığına düşərək partlaması nəticəsində diz qapağından qəlpə yarası xəsarəti alıb.

Zərərçəkmiş şəxs Rahib Məmmədov dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıraraq, Zəngilan rayonu ərazisində düşmən tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Fərid Mehbalının, Təbriz Rəhimovun həlak olduğunu, özünün, İbrahim Mayıllı, Seymur Həsənli və adlarını hazırda xatırlamadığı daha bir neçə nəfərin yaralandığını deyib.

Toğrul Nəcəfli ifadəsində vurğulayıb ki, Zəngilan rayonu ərazisində düşmənin təxribatı nəticəsində o və daha bir neçə nəfər yaralanıb. Fərid Rüstəmov, Fərid Mehbalı, Təbriz Rəhimov isə həlak olublar.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Faiq Cəfərov qeyd edib ki, Laçın rayonu ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində özü və bir neçə nəfər yaralanıb, daha bir neçə şəxs isə həlak olub.

Zərərçəkmiş şəxs Emin Məmmədov Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında bildirib ki, Laçın rayonu ərazisində düşmən tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Əli Əliyev həlak olub, eyni zamanda o, Tural Ağcabəyov, Qabil Məmmədov və adlarını xatırlamadığı daha bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıblar.

Ramazan Məhəmmədov ifadəsində qeyd edib ki, Xocavənd rayonu ərazisində düşmən tərəfindən atılan top mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində o və daha bir neçə nəfər yaralanıb.

İfadə verən zərərçəkmiş şəxslər Seyran Eminov, Vüqar Məmmədov, Tural Bağırov, Nərməddin Quliyev, Əli Rüstəmov, Əhməd İbrahimov, Tural İmamquliyev, Saleh İsmayılov, Asif Məmmədov, Ariz Haşımov, Vidadi Xaniyev, Nazir Güləliyev Kəlbəcər rayonu ərazisində düşmənin təxribatı nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar.

Qulu Quliyev, Böyükağa Həsənov, Səxavət Quliyev ifadələrində Laçın rayonu ərazisində, Seymur Həsənli, Asif Məmmədov, Uğur Şükürlü isə Zəngilan rayonu ərazisində düşmən təxribatları nəticəsində yaralandıqlarını bildiriblər.

Daha sonra ifadə verən İbad İsmayılov, İlkin Rəhimov və Elmir Beydullayev Xocavənd rayonu, Ayxan Abdullayev Şuşa şəhərində İsa bulağı, Gündüz Qurbanov Şuşa rayonunun Xəlfəli kəndi, Rəfael Səlimov Ağdam rayonu, Hicran Sultanov isə Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatları zamanı yaralandıqlarını vurğulayıblar.

Məhkəmədə, həmçinin cinayət işi materiallarında olan və ibtidai istintaq zamanı toplanmış sənədlər elan olunub, sübutlar tədqiq edilib.

Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Xidmətinin elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq
Cəmiyyət 23:07
Dövlət Xidmətinin elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq
Biləcəridə sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub
Cəmiyyət 22:23
Biləcəridə sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Cəmiyyət 22:11
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Cəmiyyət 21:41
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb
Cəmiyyət 20:23
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb
Goranboyda 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb
Cəmiyyət 19:24
Goranboyda 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb
Zəfər günü münasibətilə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçiriləcək
Cəmiyyət 18:55
Zəfər günü münasibətilə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçiriləcək
Binəqədidə çoxmənzilli binadakı yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:09
Binəqədidə çoxmənzilli binadakı yanğın söndürülüb - Yenilənib
Naxçıvan şəhərində günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Cəmiyyət 17:44
Naxçıvan şəhərində günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol