Cəfər Cabbarlı adına mədəniyyət evi yararsız hala düşüb - Elnarə Akimova
Milli Məclisin deputatı Elnarə Akimova parlamentdə çıxışı zamanı regionlarda kitabxana və mədəniyyət infrastrukturunun sürətlə yararsız hala düşdüyünü bildirib və hökuməti bu sahəyə təcili diqqət ayırmağa çağırıb.
Deputat qeyd edib ki, bir çox kitabxanaların döşəmələri və konstruksiyaları tam yararsız vəziyyətə düşüb. Cəfər Cabbarlı Mədəniyyət Evi hazırda fəaliyyət göstərə bilməyəcək dərəcədə aşınmış haldadır. Hacı Zeynalabdin qəsəbəsində bir dənə də olsun mədəniyyət evi yoxdur.
Akimova çıxışında mədəniyyət və maarif ocaqlarının bərpasını “strateji məsələ” adlandırıb.
“Maarifçi bir nəslin yetişməsi üçün kitabxanalar, mədəniyyət evləri işlək olmalıdır. Bu məkanlar dağıldıqca, biz gələcək nəsillərin intellektual inkişafını riskə atmış oluruq", - o deyib.
Deputat maliyyə naziri Sahil Babayevə müraciət edərək kitab siyasətinə xüsusi diqqət ayrılmasını vacib hesab edib və mədəniyyət obyektlərinin təmirinə büdcədə ayrıca xətt ayrılmasının zəruriliyini vurğulayıb.
Gülnar Nazimqızı