DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək təhlükəsizliyin təmin edilməsi üçün bir sıra tövsiyələr verib.
Müraciətdə bildirilir ki,respublikanın bəzi avtomobil yollarında cari hava şəraiti ilə əlaqədar qar yağışı müşahidə olunur, temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalını artırır.
Sürücülərdən nəqliyyat vasitəsinin texniki vəziyyətini, o cümlədən əyləc sistemini, sükan idarəetməsini və işıqlandırma qurğularını əvvəlcədən yoxlamaq, mövsümə uyğun təkərlərdən istifadə etmək xahiş olunub. Hərəkət zamanı sürət həddini hava və yol şəraitinə uyğun seçmək, qəfil manevr və tormozdan çəkinmək, avtomobillər arasında təhlükəsiz ara məsafəsini qorumaq tövsiyə edilib.
BDYPİ qeyd edib ki, körpülərdə, açıq sahələrdə və enişli-yoxuşlu ərazilərdə diqqətli olmaq vacibdir və yol-hava şəraiti ilə bağlı rəsmi məlumatları izləmək lazımdır. Zərurət olmadıqca riskli istiqamətlərdə hərəkətdən çəkinmək məsləhət görülür.
İdarə sürücüləri məsuliyyətli davranmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməklə həm özlərinin, həm də digər iştirakçıların təhlükəsizliyini təmin etməyə çağırıb.
Son xəbərlər
Daha çox